“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Əllərim qoynumda dustaq

Gözüm ürəyimin suyunu çəkdi,
Quruda qaldım sənsiz.
Mən səninlə tam olmuşdum,
Yarıda qaldım sənsiz.

Gözümdən düşən dünyanı
Kim qoyacaq yerinə?…
Xəyallarım qız uşağı,
Qoşulub qaçıb birinə.

Əllərim qoynumda dustaq,
Səni saxlamıram ki.
Pəncərəmi açıq qoydum,
Bulud doldu gözümə,
Yoxsa ağlamıram ki.

Ürəyimə işıq düşmür

Ürəyimə işıq düşmür,
Pəncərəni kim bağladı?
Yox, mən ağlağan deyiləm,
Gözlərimdə kim ağladı?
Göy üzündə
Boş yer yoxdu
Ulduzların əlindən.
Səsim sənə çatmır, Allah.
Yerindən, göyündən küsüb
Duam,
Dilimə yatmır, Allah.
Ayaq üstə oldürmə,
Öldürürsən, yıx məni.
Üstümə bir ölüm gəl,
Bu dünyadan çıx məni.