Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

KİMDİ MƏNİ SƏSLƏYƏN

Tanrım, görən mən kiməm,
Nəçiyəm bu dünyada?-
Bir payı quru torpaq,
Üç payı su dünyada!

Adım Peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan fəryadam.

Qənşərində durduğum,
Aynadakı mənəmmi?
Ruhum mənə dardımı,
Mən ruhuma binəmmi?

Əvvəl-axır deyilən
Bir ölçü-biçi varmı?
Varsa bəs ölçüsüzlük
Nədi, bilmək olarmı?

Bu cismi-can varlıqdı,
Yoxluq divanəsiyəm.
La İlahə İlləllah!-
Kimdi məni səsləyən?!

BU DİVARIN O ÜZÜNDƏ

Bu divarın o üzündə,
Bir nazlı mələk uyuyub.
Gecə gərib qanadını,
Üstündə lələk uyuyub.

O xanədə nə var – oyaq,
Döşəmədən tavanacan.
Qapı, pəncərə, dörd divar,
Çimir almaz sabahacan.

Odasının yörəsində
Yüz hoqqadan çıxır külək.
Donub qalıb pəncərədə,
«Heyrət ey büt!…» – oxur külək.

Tanrı tamaşası nədi –
O mələyi görən bilir.
Günəş ondan ötrü çıxır,
Ay ondan ötrü yüksəlir.

…Divarların bu üzündə,
Qismətim qubardı mənim.
Hər yan gözəllikdi, Tanrım,
Hər yanım divardı mənim.

ÖLÜMƏ SÖYKƏNMİŞ ADAM

Sevgiyə layiq dostun yox,
Nifrətə layiq düşmənin.
Nə layiqsiz adamsan sən –
Bə sənin nəyin var, nəyin?!

Nə dərdindən ölənin var,
Nə öldürmək istəyənin.
Zalım adam, aciz adam,
Bə sənin nəyin var, nəyin?!

Maddım-maddım nə baxarsan,
Bu Yer sənin, bu Göy sənin.
Səninkilər sənin deyil,
Bə sənin nəyin var, nəyin?!

Nə haqqını tanıyırsan,
Nə nahaqdan yox köməyin.
Haqlı adam, haqsız adam,
Bə sənin nəyin var, nəyin?!

Nə ağ bayrağın yellənir,
Nə gəlir qanlı köynəyin.
Amalın yox, amacın yox,
Bə sənin nəyin var, nəyin?!

Yaşa dolmaq yaşamaqmı,
Yaşanıb tükənmiş adam?
Yaradandan utan barı,
Ölümə söykənmiş adam!

NƏ GÜNAHIN YİYƏSİYDİM

Nə günahın yiyəsiydim,
Sallanıb, çıxdın qarşıma?
Gəldin – gözümü, könlümü,
Küməmi yıxdın qarşıma.

Sən kiminsə halalısan,
Sənə belə baxmaq olmaz!
Göz qadağa qanmır, xanım,
Sənə evdən çıxmaq olma!

Belə də baxış olarmı?! –
Pah… obana-elinəcən!..
Davasan, qansan, xatasan,
Dırnağından telinəcən!

Xuda canalan yaradıb,
Ta sənə ad lazım deyil.
Valiyə deyək: – Şəhərə
Daha cəllad lazım deyil!

Sən qisas yeri deyilsən,
Aralıqda batar qanım.
Bu dəfə mənə rəhm elə,
Allahı sevərsən, xanım!

KÖHNƏ GÖZƏLLƏMƏ

Tanrım, bu gözəli sən yaradıbsan,
Nurdan yoğurubsan mah camalını.
Tullayar tacını ayaqlarına
Görsə dərgahında şah, camalını.

Onu görənlərin gün deyil günü,-
Görürsən ərşdəki fəryadı, ünü…
Meh vurub oynadır siyah zülfünü,-
Gah köksünü örtür, gah camalını.

Məni bu heyrətdə bir az da əylə,
Ahımı xəcər et, bağrımı teylə –
Qanımı qaşına vəsməlik eylə,
Bəzəsin çəkdiyim ah camalını.

* * *

Oturub ömrün içində
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb
Gerçək şəkli çəkirəm.

Çəkirəm ciyərlərimə
Faniliyin ətrini.
Məndən əziz tutan varmı
Bu faninin xətrini?!

Kimsə bilməz nə çəkdirir
Mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
Olmağa əkdiklərim.

Dəryalar mənə çəkilir,
Tufanlar məndən qopur.
Başıma odlar ələnir,
Ruhuma sular hopur.

Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.

YADINA DÜŞDÜM

Bu gün hardan doğdu belə? –
Gör kimin yadına düşdüm!
Şükür sənə, görk eləyən,
Görkümün yadına düşdüm!

Qoşuldum ağlar səsinə,
Çəkildim çağlar səsinə.
Səs verdi dağlar səsinə,-
Ərkimin yadına düşdüm!

Aldatdı şeytan nəfəsi,
Atdım məni sevən kəsi.
Hər gün məni lənətləsin,
Hər kimin yadına düşdüm.

NECƏSƏN

Mənim səndən uzaqlarda
Yamanda halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-Yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Özündən muğat ol barı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

BİLƏM

«Mən ölsəm ağlayarsanmı?…»
Sən ölsən, ağlamaq nədi?-
Özümü öldürə billəm.
Dostu yandırıb, düşməni
Ölüncə güldürə billəm.

Önündə qurub məhşəri,
Heyrətdə qoyub bəşəri,
Mənəm deyən aşiqləri
Tarixdən sildirə billəm.

Zəhər deyib şirin cana,
Boyanıb qızıl-al qana.
Bir daha dövrü-dövrana
Eşq nədi – bildirə billəm!