Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası dünyaboyu yayılan koronavirusa qarşı “Evdə qal və sağlam ol” çağrışına dəstək olaraq izləyicilər üçün növbəti videoçarx hazırladı. “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanmış növbəti tur Şəmkir rayonunadır.
İzləyicilərə təqdim olunan videoçarxda Azərbaycan Respublikasının xəritəsində 1660 km2 əraziyə malik olan Şəmkir rayonunun bir şəhər, yeddi qəsəbə, əlli səkkiz kənddən ibarət olduğu qeyd edilmiş və digər ümümi məlumatlar toplanmışdır. Xüsusi başlıqlarla təşkil olunmuş təbiəti rəngarəng fotolarla əks edilmişdir.
Videoçarxda əsrarəngiz, gözəl təbiətə malik olan Şəmkirin bitki örtüyü ilə zəngin olan Dəryaçay, Suludərə, Sumaxlı, Yastı, Heydər qaçan, Şam meşələri, ucqar quruluşa malik Yasamal və Gəlavan dağları, XIX əsrə aid Alman və 1890-cu ilə aid Seyfəli kəhrizləri, bununla yanaşı Dəryaçay, Tatarlıçay, Zəyəm, Şəmkir, Cəhir və s. çayların, təbii surətdə yer səthindən çıxan şəffaf Qafqaz və Əsgər bulaqlarının fotoları verilmişdir.
Münbit torpağında kök salmış palıd, cökə, vələs, çinar, qovaq, ardıc, şam, iydə, dağdağan kimi bir çox ağaclar, solmaz, lilpar, çobanyastığı, nərgiz, bənövşə, süsən, zanbaq kimi göz oxşayan güllər və yamyaşıl, şəfalı otların siyahısı ilə fotoları videoçarxda izləyicilərə təqdim olunmuşdur.
Videoçarxda bir çox heyvanların fotoları toplanmış, quşlar sırasında kəklik, qartal, qarğa, bülbül, ördək, ağacdələn, turac, şanapipik və b. siyahısı da qeyd edilmişdir.
Milli sərvətimiz olan tarixi abidələrdən – qalalar, qədim yaşayış yerləri, qalaçalar, qədim tarixlə bağlılığı olan qəbirstanlıqlar, 1998-ci ildə inşa edilmiş Şəmkir, Əliyaqublu və Düyərli məscidləri, 2006-cı ilə aid Paşa məscidi ilə yanaşı digər məscidlər, həmçinin muzeylər, ziyarətgahlar da videoçarxda öz yerini tapmışdır.
Şəmkir torpağı Zaur Sarıyev, İsgəndər Aznaurov kimi Azərbaycan Milli Qəhrəmanlarının, Molla Vəli Vidadi, Əhməd Cavad, Taleh Həmid, Məzahir Hüseynzadə kimi şairlərin, Azərbaycan SSR xalq artisti olan Leyla Bədirbəylinin, aşıq sənətinin ustalarının və digər sahələr üzrə şöhrət qazanmış görkəmli şəxsiyyətlərin məkanı olmuş, həmin şəxsiyyətlərin siyahısı da izləyicilərə təqdim edilmişdir.
Videoçarxda həmçinin Şəmkirin tarixən inkişaf etmiş sənətkarlıq sahələri – xalçaçılıq, ipəkçilik, üzümçülük, dülgərlik, dəmirçilik də qeyd edilmiş, mətbəxinə aid müxtəlif növ yeməklərin fotoları da verilmişdir.
Müasir binalar və parkların, zavodlardan – Maşınqayırma zavodu, Daş karxanası, Çörək zavodu, Şərab zavodu, Quşçuluq fabrikinin fotoları ilə videoçarx yekunlaşmışdır.
Hazırlanmış videoçarx söz və musiqisi Maestro Ceyhuna aid olan Adil Karacanın ifa etdiyi “Şəmkirim mənim” mahnısı ilə müşayiət olunur.
Şəmkir videoçarxını aşağıdakı linkdə izləyə bilərsiniz:
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında yerləşdirilib.
Silsilə şəklində hazırlanan videoçarxlar davam edir.