Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

YOXDU, YOX

Şairlərin sevgi dolu qəlbi var,
Bir əməlli mülkü, varı yoxdu, yox.
Allah deyib yapışıblar qələmdən,
Ürək dostu, bir simsarı yoxdu, yox.

Həsrət qalıb şeyda bülbül gülünə,
Qəfil düşdük dərdin, qəmin selinə,
Cavanlığım düşdü dava ilinə,
Tay ömrümün, ilk baharı yoxdu, yox.

Elə bil ki heç yox imiş Cəbrayıl,
Nə zamandı bağlanıbdı cığır, yol,
Tay adamda nə huş qalıb, nə ağıl,
Yiyəsinin ixtiyarı, yoxdu, yox.

Dərd salıbdı ürəyimi azara,
Kimdi indi qiymət verən yazara,
Çıxartmıram sözümü tay bazara,
Yaxşı sözün xiridarı, yoxdu, yox.

Boylanıram mən Günəşə, mən Aya,
Nə söyləyim bu qismətə, bu paya,
Əziz Musa, bel bağlama dünyaya,
Zərrə qədər etibar,ı yoxdu, yox.