Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Qoy zirvəndə əriməyən qar olum,
Qucağında tükənməyən var olum,
Etibarlı sirdaş olum , yar olum,
Unutmayın, nolar məni, a dağlar.
Günəş olub göylərində görünüm,
Duman olub, ətəyində sürünüm,
Güneyində gül-çiçəyə bürünüm,
Unutmayın, nolar məni, a dağlar.
Bulaq olub göz yaşıtək çağlayım,
Hər gülünü sinəm üstə saxlayım,
Bulud kimi hərdən dolub, ağlayım,
Unutmayın, nolar məni, a dağlar.
Dərələrdə dönüm sərin küləyə,
Nəğmə qoşum gözəlliyə, bəzəyə,
Qurban olum hər gülə, hər çiçəyə,
Unutmayın, nolar məni, a dağlar.
Zirvənizdə dövrə vuran quş olum,
Sizə gələn dərd, bəlaya tuş olum,
Öləndə də qoynunuzda daş olum,
Unutmayın, nolar məni, a dağlar.