Hər kim ustasıdır, asandır onun,
Oğurluq, əyrilik, talan əlində.
Həqiqət özü də oyuncaq olur,
Yalançı əlində, yalan əlində.
Ya danəndə olun, ya olun dəni,
Oyuncaq etməyin siz hər yetəni,
Dindirə bilməzsən ölsən də, mənim,
Mən dilə gəlirəm çalan əlində.
Nə saz sevir onu, nə xoşlayır tar,
Yazıq məni, göyə hey atıb, tutar.
Qaça da bilmirəm, qalmışam naçar,
Hər şeydən yarımçıq qalan əlində.
Adam var, ulduzlar seyrinə çıxar,
Adam var, dağ çapar, gücü dağ yıxar.
Kəlin də kəlləsi qabıqdan çıxar,
Sənətdən kəl olan kalan əlində.
Maraqlanan yoxdur günah kimdədir,
Yazıq nə aşıqdır, nə xanəndədir.
Mən əsir olmuşam, səbəbi nədir,
Hər şeydən yarımçıq qalan əlində?
1976
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.