Azərbaycan Yazıçılar Birliyinin üzvü

ŞƏHİD BALALARININ DİLİNDƏN


Atam şəhid olubdur,
Qarabağ savaşında,
Cənnətə qovuşubdur,
Otuz altı yaşında.
Başlarkən müharibə
Dedi, getməliyəm mən,
Qarabağı düşməndən
Azad etməliyəm mən.
Gülümsünüb, diqqətlə
Baxdı mənim üzümə,
Maşallah, böyümüsən,
Diqqət elə, sözümə:
-Bu torpaq babalardan
Bizə bir əmanətdir,
Torpağı yada vermək
Günahdır, xəyanətdir.
Torpağımız kafirin
Əlində qala bilməz,
Qarabağsız bu diyar
Yurd, vətən ola bilməz.
Məhv eyləyib düşməni
Qayıdarıq, inşallah,
Anam dedi, qorusun,
Sizləri, qadir Allah
Döyüşlərə atıldı
Atam bir aslan kimi,
Düşmənlərlə vuruşdu,
Əsil qəhrəman kimi.
Əlində avtomatı
Daim irəli keçdi,
Düşməni milçək kimi
Məhv etdi, qırdı, biçdi.
Atam qəhrəman olub,
Dostları da şahiddir,
Gecə yuxuma gəlir,
Gül üzlü bir şəhiddir.
Atamla fəxr edirəm
O, qələbə çalıbdır,
Qarabağı düşməndən
Öz qanıyla alıbdır.
22.12.20.