Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,
Ölmədi! Şanlı şəhid oldu necə yüzlərimiz
Bu saat Kərbü bəla düzləridir düzlərimiz,
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Kim görüb böylə mərasim ola milyonlar ilə,
Bakı insan axınıyla dola miiyoniar ilə,
Salına şanlı şəhidlər yola milyonlar ilə,
Analarla bacılar saç yola miiyonlar ilə,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Qəbrin üstündə də heç kukla olar çanta ilə,
Ağ gəlinlik fatası… qırmızı al lenta ilə.
Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
Açınız tarixi, həm indi elə, onda elə…
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Düşdü dildən-dilə bu qətl, bu matemgahımız,
Çatdı hər ölkəyə bu şəhri-bəyani ahımız,
Gördü aləm ki, aman… cəlladımızmış şahımız,
Yoxsa da bir şeyimiz, vardı fəqət allahımız,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Hər qızıl güllü məzar – sinəmizin dağı, məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar.
Hər məzar qanlı beşik – laylayı ağı, məzar!
Dayanıb tam alacaq bizdən hələ yağı, məzar!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
Qan haçan yerdə qaiıb, təzələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini…
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
Gecəni atəş ilə qırmızı dan eylədiiər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Yanvar, 1990.