BAHAR DUYĞULARI

Ulduzlar əridi, açıldı səhər,
Şəfəqlər səpildi yerə zər kimi.
Qızardı üfüqlər, yandı üfüqlər
Həyadan qızaran gəlinlər kimi.

Göylərə nur saçan mehriban gözəl
Süzgün baxışıyla hər yana baxdı.
Təbiət dirçəldi sanki əlbəhəl,
Torpağın canına hərarət axdı.

Günəş boy göstərdi, qalxdı yuxarı,
Gəzdirdi dünyaya xumar gözünü.
Qayadan sallanan buz salxımları
Dartınıb, qayadan atdı özünü.

Qışdan təhvil aldı dünyanı bahar,
Əriyib töküldü qar muncuq-muncuq.
Uçdu budaqlardan ağ libaslı qar,
Qondu budaqlara yaşıl tumurcuq…