Bu həyatın əvvəli sevinc,
sonu kədərdi…
Bu şəhərdə bizdən yaşlılar
barmaqla sayılacaq qədərdi…
Öz yaşıdlarımız isə
ilbəil azalır…
Ömür günəşi
günbəgün sozalır,
istisi günbəgün azalır…
Gün altında olanda belə
üşüyürəm,
elə bil kölgədə gəzirəm.
Bu şəhərin adamları
elə dəyişib ki,
küçəyə çıxanda
elə bilirəm ki,
qərib bir ölkədə gəzirəm…
16.10.2016