Xalq şairi S.Vurğunun ölməz xatirəsinə
İlk bahar günündə doğuldu Vurğun,
Sənət dünyasının baharı oldu.
Ucaldı, ən uca dağ oldu, Vurğun,
Ana yurdumuzun vüqarı oldu.
Tükənməz həvəslə yaratdı, yazdı,
Sözləri məsəl tək düşdü dillərə.
Yurdu gecə-gündüz dolandı, gəzdi,
Ürəkdən bağlıydı doğma ellərə.
Sevirdi Muğanı, Mili, Şirvanı,
Qobustan sevimli oylağı idi.
Ötdü məhəbbətlə ömür karvanı,
Hər elin ən əziz qonağı idi.
Xalqla bir döyündü, vurdu ürəyi, Xalqın uğurları onun sevinci,
Oldu insanların dostu, gərəyi,
İlhamla yaratdı sözlərdən inci.
Əlli il yaşadı, cəmi əlli il,
Şeir dünyasının günəşi sönməz.
Zirvədə durmusan məğrur qartal tək,
Qartal zirvələrdən heç zaman enməz.
Nəqədər şeir var, söz dünyası var,
Vətən sevgisiylə coşacaq Vurğun.
Gələndə qaranquş gələndə bahar,
Bahar nəğmələri qoşacaq Vurğun.
2006- cı il