rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Sonetlərim – silsiləsindən

Nə vaxtdır hicrana çələng hörürəm,
Bitəcəkmi həsrət hələ bilmirəm.
Hara baxıramsa səni görürəm,
Ağlar gözlərimi silə bilmirəm.

Boş bir quş yuvası bu könül sənsiz,
Kimsəsiz, viranə, quru budaqda.
Bir ömür yaşandı fərəhsiz, şənsiz,
Sevgi nəğmələri dondu dodaqda.

Ayrılıq yelləri əsəndən bəri,
Könül sevdasından küsəndən bəri,
Meylini salıbdır badəyə, meyə.

Ümidim əl açan dilənçi kimi,
Ömrə yamaq vurur pinəçi kimi,
Hicranın yarası qapansın deyə.