
Çexiyanın Karlovı Varı şəhərindəki məşhur “Imperial” hotelində XV “Suliko” beynəlxalq musiqi festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın təsisçisi və təşkilatçısı Asmat Şanavadır. Tədbirdə Azərbaycan tərəfini Praqada fəaliyyət göstərən “Natəvan” Cəmiyyəti təmsil edib. Cəmiyyətin nümayəndəsi, pianoçu Lamiya Axundova beynəlxalq münsiflər heyətinin üzvü olub.
Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Ukraynadan 6-20 yaşlı gənc musiqiçilər iştirak ediblər. Tədbirin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların ifaçılıq bacarıqlarını beynəlxalq səhnədə nümayiş etdirmələrinə şərait yaratmaq və xalqlar arasında mədəni əlaqələri möhkəmləndirməkdir.
Müsabiqədə Azərbaycanı Bülbül adına musiqi məktəbinin şagirdi, 16 yaşlı pianoçu Aliyə Bababəyova təmsil edib. Gənc pianoçu Frederik Şopenin do-diyez minor Polonezini (Op. 26, № 1) və Azərbaycan bəstəkarı Fikrət Əmirovun 2 nömrəli Prelüdünü ifa edərək festivalın ən ali mükafatı olan Qran-Priyə və kuboka layiq görülüb.
Festivalın beynəlxalq münsiflər heyəti İtaliya, Çexiya, Ukrayna, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Azərbaycandan olan 9 musiqi və incəsənət nümayəndəsindən ibarət olub. Festival qala-konsert və qaliblərin mükafatlandırılması mərasimi ilə başa çatıb.
Qeyd edək ki, Praqada fəaliyyət göstərən “Natəvan” Cəmiyyəti Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin Avropada təbliğinə, eləcə də mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Mənbə: https://azertag.az/