Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qız-gəlin göyərdib yaşıl səməni,
Uşaqlar nə böyük tonqal çatıbdır,
Bürüyüb güllərin ətri çəməni,
Quzular yamacda şehə batıbdır.
Kimisi qonşuya tullayır papaq,
Kimisi tullanır üstündən odun,
Kimisi qapını xəlvət pusaraq
Ağzına tullayır bir ovuc qovut.
Kosa keçəl ilə çıxarır oyun,
Bayram xonçasını heybəyə yığır,
Payızda etməkçün özünün toyun
Keçəllə nə qədər oyundan çıxır.
Bişirir analar ləziz xörəklər,
Yumurta boyanır yaşıl, qırmızı,
Düzülüb süfrəyə şirin çörəklər,
Hamı qarşılayır sevinclə yazı.
Şamlar yandırılır ürəkdə niyyət,
Xalqımın arzusu xoşbəxtlik, xoş gün,
Baharla yurduma gəlsin səadət,
Elimdə, obamda olsun toy-düyün.
Novruz xalqımızın əziz bayramı,
Sevinc bayramıdır, saz bayramıdır,
Novruzda ürəkdən sevinir hamı,
Novruz ən müqəddəs yaz bayramıdır.