Ruhumun qidasın səndən almışam,
Bir quru canım var, o sənə qurban.
Qoynunda boy atıb, mən ucalmışam,
Dahilər məkanı, gözəl Naxçıvan.
Qədim tarixlərin izi səndədir,
Şeirin, sənətin gözü səndədir,
Cəlilin, Məmmədin sözü səndədir,
Dahilər məkanı, gözəl Naxçıvan.
Üstünə düşməsin düşmən kölgəsi,
Sən Ulu öndərin şux, məğrur səsi,
Səndədir Möminə Xatun türbəsi,
Dahilər məkanı, gözəl Naxçıvan.
Sürür torpağında hamı xoş həyat,
Torpaq bərəkətli, yaşamaq rahat,
Sanki bir cənnətdir Şahbuz, Batabat,
Dahilər məkanı, gözəl Naxçıvan.
Əshabü-Kəhf sənin cismində canın,
Dürrdür, gözəllikdir sənin dörd yanın,
Ordubad-incisi Azərbaycanın,
Dahilər məkanı, gözəl Naxçıvan.
Səsin ucalıbdır ulduza, aya,
İnsan ləzzətindən de nə cür doya?
Saysam gözəlliyin gəlməz ki saya,
Dahilər məkanı, gözəl Naxçıvan.