Ömür keçdi kədərlə , şərə , böhtana düşdü ,
Həyatın ümmanında gəmim tufana düşdü .
Vaxtsız soldu güllərim , fəsli xəzana düşdü ,
Sevincin bölgüsündən payımı almadım mən ,
Bu dünyada bircə gün qayğısız olmadım mən .
Qayğılarım ömrümü əlimdən aldı getdi ,
Saf eşqim , məhəbbətim hicrana daldı getdi .
Mühit ümidlərimi , gümanı çaldı getdi ,
Xoşbəxtliyin sazını bir kərə çalmadım mən ,
Bu dünyada bircə gün qayğısız olmadım mən .
Güvəndiyim çoxunun zatı qırıq çıxıbdı ,
Dişli bildiklərimin çoxu mırıq çıxıbdı .
Nə vaxt pencək almışam cibi cırıq çıxıbdı ,
Eyzan qəhərlə doldum , sevinclə dolmadım mən ,
Bu dünyada bircə gün qayğısız olmadım mən .
Şamxaloğlu , dünyanın işi hiylə , kələkdi
Daxilən şeytan olan çoxu üzdən mələkdi .
Düşdüyümüz bu axın elə dargöz ələkdi ,
Gözündən keçib , gedib həyata dalmadım mən ,
Bu dünyada bircə gün qayğısız olmadım mən .