Hər şey o qədər gözlənilməz, o qədər sürətli və qarmaqarışıq baş vermişdi ki – indi –üstündən xeyli keçəndən sonra da gərginliyi canımdan çıxmayıb; olanları başdan-aya¬ğa xatırlamağa çətinlik çəkirəm.
Şeytanın bacağını sındırıb – uzun illərin həsrətinə son verərək, Təbrizə yollanmış-dım. Qəribə hisslər keçirirdim, nə gizlədim. Deyirdim, Təbriz ruhumu dirçəldəcək; de-yirdim, Arazın bu tayına döndükdən sonra dünyam dəyişəcək, çox şey öncəki kimi ol-mayacaq. Elə inanırdım, elə ina¬nırdım!
Güneyli qardaşlar sağ olsun, məni rəsmi sərhəd məntəqəsinin çıxışında qarşıladılar, mənə diqqət-qayğı göstərdilər, ürəyim hara istədi apardılar, kimnən istədim, görüşdürdülər; hamısı, hamısı gülərüz, istiqanlı, qonaqpərvər, hazırcavab və şən idi. Amma bir həftəlik səfərin son günü hiss etdim ki, qardaşlar nəsə umulu-dumulu, kefləri pozğun hərlənir və bu ovqatsızlığı məndən gizlətməyə çalışır. Ağlıma çox şey gəlsə də, ancaq geri dönüşdə – rəsmi keçid mən¬təqəsində bildim ki, vahim olaylar olmuş… Və gü¬ney¬lilər olub-bitənləri böyük ustalıqla məndən gizlətməyə, kefimin pozulmamasına ça¬lı¬şıb. Bilirdilər axı – yaşım qədər, bəlkə, yaşımdan artıq həsrətim vardı Təbrizə, bilir¬dilər…
Bəli, geri dönər-dönməz hər şeyin dəyşdiyini gördüm, ancaq bu dəyişim mən düşündüyüm dəyişim deyildi. Sərhəddən keçən hər kəs kimi məni də açalaq-umalaq As¬tara xəstəxanasına götürdülər. Az qala hər kəsin ağzı-burnu maskalı və… sualı çox, ca¬vabı azdı. Hamı bircə sözü çevirirdi: koronavirus, koronavirus… Açığı, mən özümdə ra¬hatsızlıq hiss etmirdim, yaxşıydım, di gəl sərbəst buraxan kimdi? Sanki sər¬hədin o ta¬yın¬dakı qara çarşablar “modern¬ləşib” bu taydakı qadın həkimlərin ağzı-burnu boyda kiçik mas¬kalara dönmüşdü; dövlətlərarası rəsmi sərhəd “balalayıb”, indi rayondan-rayona da ke¬çid məntəqələri kimi “çoxalmışdı”; tanı¬ma¬dıqlarına şübhəli baxan o taylı məmurlar qalsın o tayda, bu tayın tanıyanı da, tanımayanı da istiqanlı görüşmələri “ixtisar etmiş”, müna¬si¬bətlər məsafə qaza¬nmışdı. Qızdırmamızı tez-tez ölçən ağ xalatlı, qara maskalı həkim qızlar az danışıqları ilə soyuqqanlı idi. Bəlkə də, elə deyildi, mənə belə gəlirdi, bəlkə, öz tə¬dirginliyim məni haldan-hala salır, hamıdan incik düşürürdü… – bilmirəm, ola bi¬lər. Hərdən də, fikirləşirdim ki, aman, Tanrım, yoxsa, o tayda hansısa ziyarətdə yanlış dav¬ranışımmı oldu, yanlış sözmü dedim, ulu qüvvələrin xoşuna getmədi – nədi? Yoxsa, “ca¬du-pitik”mi yazdılar mənə? Bu yandan da, telefonum susmurdu, sanki bütün gərəksiz zənglər məhz bu günü göz¬ləyirmiş…
Di gəl bu qarğaşa içində, nə etdilər, neynədilər, müəyyən vaxtdan sonra, xeyli adamı buraxdılar, mən isə Bakıdakı Xüsusi Tibb Mərkəzinə köçürəcəklərini bildirdilər. Aç¬ı¬ğı, gerilədiyimi hiss edirdim yavaş-yavaş, amma bunun koronavirusla yox, ümumi ov¬qatsızlıqla bağlı olduğunu düşünürdüm; lakin mən saydğımı sayım, görək, fələk nə sa¬yırmış…
Astaradan Bakıya hərəkət vaxtı başımın fırlandığını, gözümə qaranlıq çökdüyünü, ələl¬xü¬sus nəfəsimin daraldığını hiss etməyə başladım. – İqlim dəyişikliyi, yuxusuzluq, rejimsizlik, doğmalardan uzaqlıq-filan – ha özümə təsəlli ver¬mə¬yə çalışdım, gör¬düm, yox, bu xına o xınadan deyil. Və Bakıya çatdıq çatmağına… lakin artıq, nəfəsim çatmırdı, nəfəsim. “Bu ilmi ölübsən, bildirmi?” – fikrən hava¬lanırdım, havam yetmirdi. Huşum zəifləyir, yaddaşım “tərəddüd edir”, “bir sağ, bir sol” göstərirdi. Gö-rəcəkli günüm varmış…
Ala-çula xatırlayıram, kimsə pasportuma baxa-baxa, “Yolçu Qədirlini həkim İradə Qiyamətdinliyə götürün” – dedi. Kimə, kimə? – İradə Qiyamətdinliyəmi?! Aman Tanrım! Bu qədər təsadüf ola bilməzdi, belə nadir soyada İradədən başqasında heç rast gəl¬mə¬miş, heç eşitməmişdim – bu o idi! Heyim yoxdu, bir də soruşam, da¬ya¬nam, duram. Duyduğumu duymuşdum artıq…
İradə ilə belə qarşılaşmağı heç istəməzdim, heç. Anlaşılmaz bir dirənişə meyil etsəm də, dediyim kimi, artıq heyim tükənirdi, təngnəfəslik, quru öskürək, gözü açıq sa¬yıqlama kimi bir halətə qərq olmuşdum və məni bu halımla, halsızlığımla qeyri-ixtiyari içəri apardılar. Artıq heç nə mənim iradəmdən asılı deyildi. Gözümü bir də onda açdım ki, sanki “ska¬fandra” gey¬miş İradə başımın üstündə və mən şəffaf tabut kimi bir nəsnənin için¬¬dəyəm… Gözümü, bəlkə, bir saniyəlik aça bilirdimsə, qazancdı. Uzun illər görmədiyim İradə mənə adi xəstə kimimi baxır, nifrətləmi, sevgiqarışıq rəhm hissi iləmi? Gəl də bil… Bil də gör…
İradə ilə gözəl günlərimiz olmuşdu. Sonra əbədi ayrılıq kimi hərəmiz bir yana düşmüşdük. Onun Türkiyədə yaşadığını bilirdim, orada həkim kimi çalışdığını, həm də tibbin hansısa yeni sahəsi üzrə elmi iş üzərində işlədiyini eşitmişdim. Amma budur, biz Bakıdakı xüsusi mərkəzdə qarşılaşmışdıq. O – həkim, mən – xəstə… Nə qə¬ribədi, qabaqlar da belə olmuşdu: onda da mən onun xəstəsiydim, onun xəs¬təsi… amma bir vacib fərqlə – onda, aradabir Taclıbəyim dediyim bu zalımın özünə, sevgisinə tutquluydum – indisə taclı virusa tutulmuşdum…
İradə, İradə…
Nə olmuşdusa, mənim üzümdən olmuşdu. Hər kəs bizi sevgili bilir, sevgili görür¬dü – düz də edirdilər, haqq edirdilər. Necə deyərlər, ayrı gecələrə yatsaq da, eyni sa-bahlara durardıq, bir damın altında yaşamayan, qohum olmayan, bir kollektivdə çalış-mayan iki insan nə qədər bir yerdə ola bilərdisə, ondan daha artıq dərəcədə bir yerdəydik… Günlərin bir günü İradə dedi, mən Türkiyəyə oxumağa gedirəm. “Bıy, xanıməfəndilər, durub-dururkən bu da nərdən çık¬dı?” – mən elə beləcə də soruşdum ondan. O da “əsas”lar gətirdi – nə bilim, “təhslin növbəti mərhələsi vacibdi, mənim ixti¬sasım üzrə ən yaxşı universitet Cərrahpaşadadır, qrupun bütün yaxşı oxu¬yan¬ları gedir, mən də əlaçıyam (mən hər dəfə “əlaçı deyilsən, əlasan” deyərdim, bu dəfə “düzəliş” eləmədim) – özü də uzağa getmirəm ha, öz Türkiyəmizə ge¬dirəm…” Türkiyəyə getmək sorun deyildi, ümumiyyətlə, GETMƏKdən söhbət ge¬dirdi və bu qərar mənsiz verilmişdi; üstəlik, onunla Türkiyəyə, eyni şəhərə, eyni uni¬ver¬sitetə gedəcək qrup yol¬daşından gö¬züm heç su içmirdi, heç. İradəyə inanmırdımmı? – İnanırdım. Amma biz kişi xeylaq¬larının boynumuza almadığımız qısqanclıq hissi də olmamış deyil. Nə giz¬lədim, evlənməyə hazırlaşdığım qızın məni burda qoyub uzun müddətə respublikadan qırağa getməsini qəbul edəcək qədər “inkişaf et¬mə¬mişdim”. Belə çıxırdı İradə evlən¬məyə hazırlaşmır; e-ee… hazırlaşmırsa, bə neçə illərdir biz niyə tutub-tutu¬şurduq?..
Bu söhbət acı bağırsq kimi uzandıqca uzandı, o dedi, mən dedim, mən dedim, o dedi… – yıpradırdıq bir-birimizi. Bilmirəm, nə hikmətsizliksə, sevənlərin bir-birini bağış¬la¬ması zülmdür elə bil; o günlər hər ikimiz, bəlkə, onlarca adamı nədəsə, hardasa ba¬ğışladıq, bir-birimizi anlamaq, bağışlamaqsa alınmadı ki alınmadı… İlahi, nə qədər “ar¬qument” çıxdı ortaya?.. – Sanki geridönməz yola girmişdik. Bu “geridönməzlik”də mənə bağlı iki hadisə həlledici oldu: biri mənim İradə ilə eyni universitetə gedəcək oğlanla cavanlıq sövq-təbiiliyi ilə və əslində, məz¬mun¬suzca gərginlik yaşamam, digərisə tam da o sı¬rada İradənin qrup yoldaşı olan bir qızın sürətlə mənim həyatıma daxil olmağa baş¬la¬ması idi… – Zalım qızını öncələr fərq etməmişdim, sanki son günlər bir baş¬qa cür olmuş, işvə-naz qazanmışdı, ya nə bilim, nə olmuşdu. – Mənim gözüm İradədən baş¬qasını görürdümü ki, onu da görəydi?.. Bəlkə də, elə həmişə belə gözəlmiş, nə bilim? – Münasibətlər və münasi¬bətsizliklərin “avtorəqs”inə, “kvant fizikası”na düşmüşdük. – Ya¬xınlaşmalar, uzaq¬laşmalar, doğmalaşmalar, yadlaşmalar… Bir dönəm qapanırdı sanki, sanki o qa¬panış nöqtəsi həm də yeni açılım nöqtəsiydi…
“Ah, bu uzun sevda yolu,
Vurulurmu başa könül?..” – İlahi, İlahi, İradəynən zor şərtlərdə qurduğumuz sevgi qalası uçurmuydu!? – Belə ola bilərdimi? Və bu qədərmi asanmış ayrılmaq?! – Qəlbən elə qırılmışdıq, elə qırlmışdıq, çilik-çilik olmuşduq! Başqaları belə məqamlarda necə davranardı? – Bilməm ki! – Mən heç belə gün görməmişdim, mən belə hallara düş¬mə-mişdim, mən belə ayrılığa xamıydım. Beləydi, acı da olsa, beləydi. O da macal ta¬pıb, ehtiyac duyub, gedib saçlarını kəsdirmişdi – bilə-bilə ki mən uzun saç¬larına bir baş¬qa cür va¬lehdim. Bir neçə şəkli gözümə dəydi, hardasa, qırmızı rəngli nə paltarı, akse-ssuarı, nəyi, nəyi vardısa, “tərk etmiş”, qatmaqarışıq rəngli əlbisəyə, xırda-xuruşlara tut¬muşdu özünü. “Cəhənnəmə ki!” – dilimdən çıxmasa da, ürəyimdən bu sözlər keç-miş¬di, doğrusu.
Sonra qürur imkan verməmişdi bir-birimizi aramağa. Gedilməyən yolu kol-kos ba-sar, deyirlər. Deyirlər ha: gözdən uzaq olan, könüldən də uzaq olar… – Körpülərimiz al¬tın¬dan sular axmış, göy üzümüzdən karvan-karvan buludlar keçmişdi ötən illər boyunca. Mən evi tikilmişin şərə-şur işləri də olmuş, o evitikilmişin qrup yol¬daşından bir qızım dün¬yaya gəl¬mişdi… – yox, yox, evlənməmişdik – o da ayrı bir söhbətdi… Ay parçası doğul¬ma¬mış¬dan ön¬cələrdən araya buz soyuqluğu düşmüşdü; sonralar öyrəndiyim bir xə¬bərsə ildırım kimi çaxmış, məni haldan-hala salmışdı: anası qızımızın adını İradə qoy¬muşdu. – Niyəsiz, necəsiz: İRADƏ! – Lütfmü, əzabmı, acıqmı, etirafmı? – anlayanı gətir, anladanı gör…
Bəli, uzun illər sonra İradənin respublikaya dönməsi sırf koronavirusla mübarizə tədbirləri çərçivəsində bir qrup azərbaycanlı həkimin qardaş ölkədən yardıma gəlməsi ilə bağlıydı. Gərginlik keçəndən sonra qayıdacaqdı…
Kim bilir, oralarda ailə qurubmu?..
Amma saçları uzunuydu yenə hər halı ilə “Ay deyiləm, ulduzam, Gəlin deyiləm, qızam” deyirdi amma; amma da canayaxın davranırdı zalım balası, adda-budda gözə dəyən ak¬sessuarları da qırmızıydı…
“Koronavirus” – başqa adı ilə “Covid 19”, el arasındakı deyilişi ilə “Ca¬vid 19”, elə bil bizi müdrikləşdirmişdi, doğmalaşdırmışdı və bir-birimizə yaxşı görünməyə başla-mış¬dıq. Şəxsən mən onun hər hərəkətində, sözündə, baxışında bir məna axtarır və o mə¬nanı “tapırdım”. Elə bil bu gözəgörünməz virus, virus deyildi, görüşmə imkanı, birləşmə bəhanəsi, özümüzün özümüzü ötmə “akt”ımızdı. Nə qəribədi, illər öncə “oğlumuz olsa, adını Cavid, qızımız olsa, Cavidan qoyarıq” deyirdi İradə. O deyirdi, oğlumuzu 19 yaşına girər-girməz evləndirərik, mən deyirdim, 26 yaş – ağıllı vəzirin oğluna nəsihət etdiyi “Qa¬busnamə” yaşı! O, erkən vəfat etmiş anasını xatırladır, deyirdi, birdən anam kimi mən də erkən ölləm, nəvə görüm bari, mən deyirdim, bizim ocaqda erkən ölümlər olmur, qorxma…
Ey, gidi dünya, ey…
Görəsən, o bizim İradə adlı qızımız olduğunu bilirmi? Görəsən, qrup yoldaşların¬dan kimlərlə əlaqəsi var? Suallar o qədər çox, cavablar o qədər az… Eynən koronavi¬rus¬la bağlı dünyada dolaşan suallar və cavabsızlıqlar kimi…
Və mən Təbrizdən dönmüşdüm – bir həsrətimə son verib, başqa bir həsrətimə qovuşmuşdum. O həsrətimə ki, ata tərəfdən Təbriz kökənliydi… Mənim həsrətdən həsrətə yönələn duyğulu yolum… gəlib-gəlib, koronavirus adlı bir gözə¬gö¬rün¬məz nəsnə ilə sonlanmaqdaydı. İzaholunmaz duyğulardaydım…
Nə başınızı ağrıdım, bəlkə, altşüurda saxladığım, bəlkə, yaddaşımın bir qırağında qoruduğum xatirələrimin yiyəsiynən baş-başaydım indi… Tanrı məni onun əllərinə təslim eləmişdi. İra¬dəynən da¬nışırdım danışmağına, ancaq danışığın “janr”ını heç cür mü¬əy¬yən¬ləşdirə bil¬mirdim. Bu pıçıltıydımı, hayqırtıydımı, xəyaldımı, ürəkdən-ürəyə görünən yol¬dumu, təfək¬kür şəkil¬lən¬məsiydimi? – Gəl də bil… Bil də gör…
– İradə, mən ölürəm!..
– İradən olsun!..
– İRADƏm olmayandan sonra, iradəm olsa, nəyə yarar?
– İradən olsa, İRADƏn də olar…
Biz danışırdıq… bəlkə də, danışmırdıq, bu mənə belə gəlirdi… biz əl-ələ tutmuşduq… yox, bu mümkün deyildi, ikimiz də o qədər “altdan geyib, üstdən qıfıllanmış, üstdən ge¬yib, altdan qıfıllanmış”dıq ki… Bəs niyə o mənə Şair demir, bəs niyə mən ona Taclı¬bə¬yim de¬mirəm? – biz belə danışardıq axı. Yoxsa, yoxsa…
Yadımdaykən deyim, İradə tələbə gənclər arasında keçirilən şah¬mat yarışmasında qalib gəlmiş, başına rəmzi “tac” qoymuşdular – mənim dilim dinc durmamış, Taclı-bəyim demişdim, o da heç borclu qalmamış, əlində tutduğu, mənim ona həsr olunmuş “Dünən qaldı dünəndə…” adlı şeirim çap olunmuş qəzetə işarə edərək, “Şair! – Mənim şa¬irim” de¬mişdi. Xoş demişdi, yaxşı eləmişdi. Tanrı xasiyyətimi kəsməsin, mənim ona verdiyim başqa adlar da var¬dı: özünü zabitəli aparanda – Hərbiyyə, könlümü oxuyanda – Könülgözlü, qıy¬ğacı ba¬xan¬da – Ül¬kərgözlü olurdu Taclı¬bəyim İradə…
Biz elə geyinib-keçinmiş, elə qorunma altına alınmışdıq… nəinki virus, heç nə bi-rimizdən o birimizə nüfuz edə bilməzdi. Amma baxmaya-baxmaya baxan gözlər, dəy-mə¬yə-dəyməyə dəyən əllər… elə güclü, qarşısıalınmaz rabitə içindəydi, elə duyğuverici, həyəcanvericiydi ki! Ürəkdi bu, Ürək! O ürəkdə bəslənən sevginin açmadığı qapı, eşqin aşmadığı maneəmi var? – Yoxmuş da, yoxmuş!
Havalıydıq, havamız çatmırdı… ya havasızdıq, hava almalıydıq…
Dün¬yanın düz vaxt¬ları, müəyyən müddət ayrı düşdüyümüzdə – ikimiz də dolub da-şan¬da mən ona “Başım ağrıyır” yazardım, o da zarafatla “ağrısın” yazardı; sonra mən arsız-arsız “çalış, əlimə düşmə, nə-fə-si-ni kə-sə-jəm!” ya¬zardım, o isə “söhbəti tat¬lıya bağlar”, “mənə nəfəs ver, nəfəs” yazardı… Budur, indi mən ağrıyırdım; budur, o, mənə nəfəs verirdi – sözün hər mə¬na¬sında! İndi ondan utanırdım, utanırdım… Mən ne¬cəsə gö¬rürdüm, duyurdum, bilirdim – mənə “skafandr” kimi görünən xüsusi geyim onu islahat¬dan salıb, gözləri qızarıb, üzü döyənək olub, göyərib, oynaqları əldən düşüb; rejimi po¬zulub, ev-eşik üzü görmür, gah koridordaca yatır, gah mənim yatağım yanındakı stul¬da¬ca mür¬güləyir… Həkimli, xəstəli hər kəs İradə deyir, İradə eşidirdi.
İradənin etdikləri bir həkimin etdik¬lərindən artıqdı. Bu mənə görəmi beləydi, yox¬sa onun ümumi yanaşmasıydımı? Mən birinci variant olduğuna inanmağa meyilliydim, başqa bir hiss “ikinci” deyirdi. Eləsi də, beləsi də İradənin həkim ləyaqətinin, insan lə-yaqətinin ifadəsiydi! O ikiləşməmişdi, hər halıyla İradəydi, İradəydi – qızıl ləyaqət gös¬tə¬rən İradə! Mənim Taclım! Öpürəm əllərindən! – Hərçənd dünyanın düz vaxtı əlindən heç öp¬mə¬mişdim…
Günlər keçdi, sanki gün içində günlər yaşandı… mən özümə gəldim; bir də baxdım, mənə tətbiq olunan intensiv müalicə kursu da, rejim də yumşaldılır və budur, artıq İradə ilə, doğ¬rudan-doğruya, söhbət edirik. Məni sevgi sağaltmışdı. – Mənim ona bəs-lə¬diyim, onun da mənə bəslədiyinə inandığım sevgi!
O heç nəyi mənim üzümə çəkmir, qaxınc qaxmırdı, eləcə təbəssüm edirdi, dərin tə-bəssüm… Yoxsa mənə rəhmimi gəlirdi, mənə qıymırdımı? Ya təsəllimi verirdi? Biz “köhnə palan içi” tökmürdük – sanki amnistiya vermişdik bir-birimizə. Kimin amnistiyası daha keçərliydi? – o artıq ayrı məsələ… Sanki biz hər şeyi danışıb-barışmışdıq da, daha dünəndə, hətta bugündə dayanmadan, birbaşa sabahların söhbətini edə bi¬lərdik. Tə¬səv¬vür edin, mənim dəliqanlı qısqanclığıma illər bir yandan, koronavirus bu yandan… elə sı¬ğal çəkmiş, elə ayar vermişdi… görmədiyim, izləmədiyim illərdə İradənin aydan arı, su¬dan duru davrandığına dəlicə, qarşısıalınmaz bir inam içindəydim! O iradəli İradəydi, mənim İradəmdi… Üstəlik, qızın adı o qədər mənimlə çıxmışdı, onun bu günədək bar¬ma¬ğında üzük olmamasının, ailə qurmamasının “faktura”sı elə mənə yazılmalıydı…
Yox, bəlkə… – Əstəğfürullah, başqa şey fikir¬ləş¬məyim, heç fikir¬ləşməyim, heç!
Rəhmətlik atam mənə “A bala, hətütlüyündən əl çək”, deyər, səbirsizliyimi qınayardı həmişə. Mən yenə səbirsizlik etdim, yəqin ki; deyilməli bir sürü “giriş” sözünü sərf et¬mədən, son sözümü dedim:
– İradə, mənimlə evlən! –
Deyəsən, bir az yöndəmsiz, “yad ehtiram”la demişdim… ancaq söz ağızdan çıxmışdı bir kərə.
İradə üzündən daşan təbəssümlə:
– Şair, “ərsənmi?” çatışmır sanki). – Mən onun sözünün sonundakı “smaylik”i “gördüm” – za¬ma¬nında “smaylik”siz mesajı olmazdı… Ən çox və qarmaqarışıq “smaylik”i bu cümlə¬lər¬dən sonra yazmışdı bir vaxt:
– Mən ona boş mesaj yollardım,
O mənə “CAN” yazardı,
Cansız telefon ekranındakı “CAN”
Can kimi gələrdi canıma, canım üçün.
Canım mənim…
Cavabında, demək olar, nə qədər “smaylik” vardı, hamısını ard-arda düzmüşdü…
İndi mesajlaşmırdıq, ona görə də “…ərsənmi”nin dırnağını görə bilmədim, üzümü tur¬şut¬dum bir anlığına, sonra üzünü aşan təbəssümündən “tutub” müraciətimi “Ev¬lə-n+ər¬sənmi?” şəklində deməli olduğuma işarə etdiyini başa düşdüm, mən də qımışdım…
Əl çəkmədim, o da həkimanə davrandı:
– Şair, hələ bir qalx, bir də xəstələnmə, bu xəta-bəla da ötsün, baxarıq.
Cümlənin “Baxarıq” hissəsini deyərkən qıyğacı baxışı, gözünü naməlum bir yerə süz¬dürüb də, canalarcasına qırpması müsibət gözəldi, gözəl müsibətdi!
Nə başınızı ağrıdım, sağaldım, evə buraxıldım. Hər şey təzədən başlamışdı – artıq “votsap” nömərəsini bilirdim, əhvallaşırdıq, bəlkə də, onu bezdirəcək dərəcədə ya¬zır-dım, o da “smaylik”li, “smaylik”siz cavablar verirdi. Sanki yenidən do¬ğulmuşdum – həm sağlamlıq mə¬na¬sında, həm sevgi… Hələ mediadan koronoavirusla bağlı saysız-he-sabsız informasiya axışını, qorxunc məlumatları izlədikcə doğum günümü korona¬vi-rus¬dan sağaldığım günə ke¬çir¬mək qərarına gəldim. Demə, İradə mənim bugünlərə təsadüf edən həqiqi doğum günümü yadında saxlayıbmış. Canım mənim. Atəşli təbrik yaz¬mış, bir də şəkil əlavə etmişdi – illər öncənin ikimizə aid şəkli – saxlayırmış, demə…
Mən bu təbrikdən sonra qəti qərar verdim: yox e, yox, bu işin zarafatı, irəlisi-gerisi yoxdu, onunla evlənəcəm! Uzun illərin xətir-hörməti vardı, illərin xiffəti vardı, ax¬şam-səhər, açıq-gizli görüşlər adəti vardı aramızda – bu öz yerində – amma görün o mənim “təşəkkür”ümü necə cavablamışdı:
“Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm,
Heyrət məhəbbət deyil!
Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı iqtidarım,
Məhəbbət tufanına sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?! Geri qaytarım… ” (QABİL)
Mən bu şeiri İradənin öz hisslərini gizlətmə cəhdi saydım; bu ismarışı “hər şey mə-həb¬bətdir” kimi qavradım; öz qərarımı vermişdim mən – ruh təzə, can təzə, sevgi köhnə-təzə… Qalxdım, getdim İradənin çalışdığı Mərkəzə. Yenə yorğundu, yenə arğındı… Ye¬nə “sakafandr” geymişdi, əllərinin ağlığına uduzan ağ əlcək geymişdi, “skafandr”ı da üz-gözünün işığını, nazını-işvəsini, gözəlliyini tam gizlədə, qapada bilməmişdi. Sa¬lam¬laşdıq. “Şair, indilərdə bura gəlməyəydin keşkə; üzümə söz gələr, onsuz da ya¬zışmı¬rıq¬mı?” dedi. Du¬ruxub əlavə etdi: “bizi də yoxlayırlar, mən də “test” vermişəm…” Bu dəfə mən duruxdum – dərhal dilləndi – “Qorxma, pis adama heç nə olmur. Noolsun?.. – Əsas “kritik 4 gün”ü keçməkdi…” Mən: “Qız, pis adamı, yaxşı adamı yığşdır” dedim, ardınca bir qədər qətiyyətlə, amma bəm səslə dilləndim:
– Həkim, mən burda sənin əllərində ölümlə əlləşəndə sənə evlənmək təklif etdim – “təklif yox, əmr etdin” – İradə mənim bu rəsmisayaq cümləmə çevik müdaxilə etdi – bəli, mən bu işi ləngitmək, uzatmaq istəmirəm, onsuz da yetərincə vaxt itirmişik, bir-birimizə “ki¬tab oxumağ”a ehtiyac duymuram, de görüm, nikaha nə zaman müsaidsən?
Mənə elə gəldi, İradənin qürur selli, sevinc qarışımlı təbəssümü “skafandr”ı deşir:
– Şair, dəlisən, sən? Nə nikah?
– İradə!..
– Əfəndim?!
– İradə, sabahkı iş qrafikin necədi? Sən çıxammırsansa, mən nikah masasını burda qur¬durram.
– Şair, olmaz! Olsa da, yalnız nikahla olmaz, biz tərəflərdə “kəbin” şərtdir, hətta hər ikisi olsa belə, indilərdə olmaz – hələ burda heç olmaz!
– İradə, sabah bu vaxt bütün zəruri yoldaşlarla burada olajam, xəbərin olsun! – dəli bir qətiyyətlə dilləndim.
Mən xəstəxananı tərk edərkən girişdə toplanmış həkimlərin dəhşətli söhbətini eşitdim:
– İradənin “test”i pozitiv çıxıb.
Aman Tanrım! Sanki mən neçə gün öncəki halsızlığıma döndüm birdən-birə, halım hal deyildi, deyildi! Heç özümün koronavirusa yoluxduğumu biləndə belə haldan-hala düş¬məmişdim; doğrudur, ağrıyırdım, rahatsızdım, ancaq İradə üçün bir başqa cür pozul¬dum. Ürə¬yimdən qovmağa çalışdığım bir hiss mənə təlaş pıçıldayırdı.
O gecəni səhərədək ilan vuran yatdı, mən yatmadım. İndi demək asandı, bəlkə, amma nə gizlədim, ağır, çox ağır bir qərar aldım: sözüm sözdür, geri dura bilmərəm! Niyə ağır? – mən ata-ananın tək övladıyam; bir dəfə xətam olub, ikinci xətaya ixtiyarım yoxdu, yaş da o yaş deyildi zatən. Belə şərtlər içində, ölümün qənşərindəki bir qızla kəbin kəs¬dirib nikaha girmək intihara bərabər bir şeydi! Və biz sabah and içməliydik:
– Xəstəlikdə və sağlıqda,
Pis gündə və yaxşı gündə,
Yoxsulluqda və bolluqda,
Ölüm bizi ayıranadək!.. –
Mən son cümləni dəyişdirəcəkdim və biz belə deyəcəkdik:
– Ölüm bizi ayırdıqdan sonra da!..
Xülasə, vədə tamamında beynimdə min bir sual, “komandam”la İradənin qapısı ağzın¬daydım. İradə bir az süslü-müslüydümü, ya mənəmi belə gəlirdi? İradə bir az hazırlıqlı ki¬miydi, yoxsa bu nizam orda qabaqlar da vardımı? İradənin iş yol¬daşları təsadüfənmi bir yerə cəm olmuşdu, ya “nikah törəni”nəmi yığışmışdılar?
Bizi görər-görməz dilləndi:
– Yolçu! – O bu dəfə “Şair”, “Əfəndim”… demirdi, adımla müraciət edirdi, bu, bir də¬yi¬şik¬likdi.
Mən:
– Buyurun, xanıməfəndi, – dedim.
İkimiz də susduq bir anlıq.
Mənimlə Sağlamlıq Mərkəzinə gedən nikah müvəkkili, ruhani və şahidlərimdən xahiş et¬diyim kimi, prosedur o qədər sürətli getdi, bir də baxdıq, əlcəkli əllərimiz tutuşub…
O dedi: Ra-zı-yam; mən dedim: Bəli, razıyam! Nikah müvəkkili dedi: Sizi bu gündən ər-arvad elan edirəm. Biz baxışdıq, anidən gözlərimizi çəkdik, sonra yenə baxışdıq… Ya¬nı¬mızdakılar: Xoş¬bəxt olun! – dedi. Öpüşmədik. İkimiz də ağzı maskalıydıq. Mən onun ağ ¬əlcəkli ağ əlini irəli çəkib barmağına üzük taxdım. O: “Neynək, bir halda ki sən de¬diyini elədin, o zaman qüsura baxma, mən sənin üzüyünü sa¬bah verrəm, inşallah – bir də gəl¬məli olassan, – dedi. – Bir az sozalmış olsa da, işvə ye¬rin¬dəydi, naz ye¬rindəydi.
Sabah yenə ordaydım, üzük üçün deyil, əlbəttə; artıq ordakı yalnız sevgili deyildi, mənim kəbinlim, rəsmi nikahlımdı. Mən orda ol¬ma¬lıydım – niyəsiz, necəsiz… İçəri bu¬rax¬masalar da, bayır-bucaqda bir yer bulub gözlərdim.
İradəm reanimasiyadaydı. Mən bir zülmlə keçdim reanimasiyaya – necə keçdim, bir Allah bilir, siz heç soruşmayın. Dünən nikahdan sonra özü ilə bağlı həqiqəti bilib, dünyası tar-mar olub – ikiqat gərginlik içində olduğu açıqca hiss edilirdi.
İradə dörd yerdən əl girəsi “qol¬cu¬ğ”u olan “şəffaf tabut” kimi bir qoruyucunun için-dəydi, əlimi uzatdım, əlini tutdum. “Dəli, gəldinmi?” – dedi İradə. Taqətsiz qolunu birtə¬hər tərpətdiyini hiss etdim, əlcəkli əli yuxarı qalxdı, barmağında mən taxan üzük, ov¬cunda mənə alınan üzük…
Reanimasiyanın qapısını içəridən bağlamışdım. Döyülürdü qapı… Döyülsün!..
İradə:
– Sən bilirdin?
– Bilirdim – dedim.
– Niyə belə edirsən? Niyə zülm edirsən mənə?
– Qız, sən nə deyirsən?
– Mən ölürəm, adam, başa düşürsən, ö-lü-rəm!
– Sən… sən ölə bilməzsən!..
– Yolçu, mənə söz ver, gedib günü bu gün nikahı pozduracaqsan. Yaxşımı?!
– İradə, bu dünyasa bu dünya, o dünyasa o dünya! Burda qismət olmazsa, olmasın, o dünyada vüsala yetərik! Biləsən ki, əlim səndən başqasının əlini tanımayacaq, gözüm bir başqa göz görməyəcək! – Bu sözləri ürəyimdən keçirdim… amma demədim, deyə bil¬mə¬dim; eləcə, “əgər məni sağalda bildinsə, özün də sağalacaqsan, uşaqlıq eləmə” de¬dim. Yarızarafat, yarı¬gerçək sözlərə yüklədim duyğularımı: “Məni kiminçün sağalt¬mı¬san? Mə¬ni belə qoyub heç hara gedə bilməzsən!”
O isə bir az başqa cür cavab verdi, sanki məndən eşitmək istəyib də, eşitmədiyi suala cavab verirdi:
– Mən həmişə sənin omuşam, Yolçu, həmişə – xəbərin olmayıb…
O gün ondan eşitdiyim son söz “Səni çox sevirdim, bə, Dəli!” oldu… İlahi, “Dəli” bu qə¬dərmi təsirli, buncamı şirin sözmüş?
Onun eşitdiyi son söz: “Məni bu dünyada gözləmisən, o dünyada da gözlə!” olmalıydı, olmadı, əvəzində, sözünə düzəliş etdim: “sevirdim yox, sevirsən, bə ağıllı”. – Qımışdı, sanki daha nəsə demək istədi, demədi, ya da deyə bilmədi.
Sonra qapının ağzında aləm qarışdı; deyəsən, “ehtiyat açar”ı gətirdilər, şaraqqaşaraq açdılar qapını, keçdilər içəri. Biz iki dəlini… yox, bir dəli, bir ağıllını əl-ələ tutuşmuş gör¬dülər… Nəsə dedilər, deyindilər, nəsə vurnuxdular, vurdular. Mən necəsə İradənin əli¬nin əlim¬dən qopduğunu gördüm. Mən necəsə otaqdan çıxdım. Mən, mən, mən – Tanrı məni versin deyim, verməsin? deyim? – aləmi qatıb-qatışdırmışdım. Baş həkim, onun mü¬a¬vin¬ləri, növbətçi, şəfqət bacısı, qapı bələdçisi… – hamı bir-birini günahlandırırdı: bunu kim buraxıb bura? – Məni heç kim burax¬mamışdı, ruh kimi keçmişdim içəri…
Axşam TV-də günün korona cədvəli verilirdi: 36 nəfər virusa yoluxub, 64 nəfər sağalıb, 1 nəfər vəfat edib. O 1 nəfər kimdi, İlahi, kim? Yoxsa?!.
Bilgisayarı açdım. “Feysbuk”da İradənin rəfiqələri şəkillər paylaşmışdı – dünənki əziz günümüzdən – “rəy”lər, “bəyəni”lər, “ürək”lər, “yanındayam”lar aşıb-daşırdı…
Sosial şəbəkənin başqa bir İradəsi də təbrik edilirdi bugün: İradə Yolçu qızı Qədirli… – Anası şəkillərini paylaşmışdı Ay parçasının – anasından çox adaşına oxşayır¬dı… İradə¬lərin heç birinə təbrik yazmadım mən əli qurumamış, yazmadım…
Bir gün sonra xəbər portallarında “Koronavirusla mübarizə tədbirləri çərçivəsində fə¬da¬kar xidmət göstərmiş həkimlərin təltif olunması haqqında Sərəncam yayıldı. Sərən¬cam¬da onun da adı vardı: “İradə Təbriz qızı Qiyamətdinli “Qızıl ləyaqət” medalı ilə təltif edilir”. – Adının qarşısında mötərizə açılmışdı: “ölümündən sonra…”
BAKI, 2020