Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

Tanrım, qələmini qırağa qoyma,
Sonuncu cizgimi çəkib tamamla.
Yarımçıq qoyduğun köhnə şeirəm,
Bir bəyaz kağıza büküb tamamla.

Qoyma qiyamətə qalsın nəyisə,
Yuyum göz yaşımda öz günahımı.
Qorxuram,alışsa ərşi yandırar,
Gizlət Kərbəladan qopan ahımı.

Çıxart “olmaz”ların içindən məni,
Bircə yol zamanı geriyə fırlat.
Hər dərdə,əzaba bir azca sevinc,
Hər ağrı-acıya bir az şirin qat.

Hər düşən yarpaqdan halısan axı,
Içindən yıxılan adamı saxla.
Müqəddəs evinin bir addımında
Hər gün təkrarlanan edamı saxla.

Qıyma içimizdə sevgilər ölsün,
Bir dərdi dərmansız,dəvasız qoyma.
Bircə uşağı da evsiz-eşiksiz,
Bircə sərcəni də yuvasız qoyma.