“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
İkimiz də uduzmuşuq…
İkimiz də uduzmuşuq sevgimizi,
Sevə bilməmişik əslində…
Illərin yürüşünə qatıb
əlimizə də dərddən bir çomaq alıb
Haylamışıq uzaqlara
O ilahi hissimizi…
Örüş tanımamışıq əslində…
İkimiz də yox olmuşuq
Bizə yalan danışan,
Bizdən küsüb taleyilə barışan
Insanların gözlərində…
İkimizin adı qalıb
Arxamızca ünvanlanan,
Kimlərinsə “can qurtaran”
Haqlı-haqsız sözlərində…
Ikimiz də dönüşü yox,
Enişi çox, yoxuşu çox
Bir yola çıxmışıq…
Nə dönməyə üzümüz yox…
Nə ölənimizi ağlamağa
Yaş tökəcək gözlərimiz yox…
Biz gedənin arxasınca
Içimizdə ağlamışıq…
Quruca gözlə baxmışıq…
Uduzmuşuq bu taleyə…
Tənhalıqdan alışan,
Sevgidən donan qəlbimizi…
Başqa ad qoya bilmədiyimiz
Qismətimizi…
İkimiz də uduzmuşuq…
Uduzanlar harın olur udandan…
Daha acgöz olur…
Tamahı “mərtəbəli”,
İstəyi “göz-göz” olur…
Əl çəkə bilmir oynadığı oyundan…
İkimiz də uduzmuşuq…
Amma yenə oyundayıq…
İstəsək, bir bulağın gözünə hopub
Torpağın altına köçərik…
İstəmirik…Oynayırıq…Bu dünyadan qopub
O dünyaya gecikmək üçün tələsirik…
Oynayırıq…Bəlkə qara qismətimizin
Yoluna hörmək üçün
Ümid daşları gəzirik?
İkimiz də uduzmuşuq…
Bu taleyə, bu qismətə…
Övladımızı uduzduq…
Sevdamızı uduzduq…
Arzularımızı, ümidlərimizi,
Vüsalımızı uduzduq…
Bir sən qaldın…Udulmamış…
Bir mən qaldım…
Hələ sənə yad olmamış…
İkimiz də uduzmuşuq…
İkimizin bir yağışı qalıb bizə…
O yağışın bir alqışı qalıb bizə…
İndi də dur, ya yönün sal biz tərəfdən…
Ya mənim durum gəlim sizə…
Qoşalaşaq, cüt zər kimi
Bu oyunda hakim olaq…
Biz bunu da bacarmasaq
Adicə eşqpərvər kimi
Eşqə and içib yaşayaq…
Ya da…
Ya da, söylə, bəs kim olaq?
17.10.2012