Sən necə darıxdın

Ay mənim dərdimdən dəli olanım,
Sən necə darıxdın, de, məndən ötrü?
Çək göndər rəsmini darıxmağının,
Sən necə darıxdın, de, məndən ötrü?

Mənsiz üşüdünmü, soyuqladınmı,
Dünyanı gözündə ayaqladınmı,
Gecələr yuxuda sayıqladınmı,
Sən necə darıxdın, de, məndən ötrü?

Axşamlar gec yatıb, erkən duranım,
Fəryad qoparanım, matəm quranım.
Ay məni gözləyib, boyun buranım,
Sən necə darıxdın, de, məndən ötrü?

Özünü yordunmu suallar ilə,
Həlli çətin olan misallar ilə,
Yanıma uçdunmu xəyallar ilə,
Sən necə darıxdın, de, məndən ötrü?

Qısası, bir kəlmə sözüm var sənə,
Bir dürüst cavab ver, deyim yar sənə?
Məzara döndümü dörd divar sənə,
Sən necə darıxdın, de, məndən ötrü?

Mən də sənin kimi eşq dəlisiyəm

Mən də sənin kimi eşq dəlisiyəm,
Düşmüşəm şəhərin küçələrinə.
Mən də bu sevdanın sərsərisiyəm,
Gəlim, qonaq elə gecələrinə.

Mən də sənin kimi eşq dəlisiyəm,
Varam hər ağrında, nalələrində.
İçində inləyən kaman səsiyəm,
Ötərəm ömürlük nəğmələrində.

Mən də sənin kimi eşq dəlisiyəm,
Neçə ki sən varsan, bitməz bu ovsun.
Könlümü eşqinlə güldürəsiyəm,
Xoşdur, lap ölümüm əlindən olsun.

Mən də sənin kimi eşq dəlisiyəm,
Mən də sənin kimi “ağıldan səyəm”.
Niyə gözlərini döyüb baxırsan,
Dəlinin buynuzu olur ki, bəyəm?!

Mən də sənin kimi eşq dəlisiyəm,
Yüz hala düşürəm gələndə adın.
Mən sənin ömrünün zəlzələsiyəm,
Demə ki, adicə qadındır, qadın

Mən də sənin kimi eşq dəlisiyəm,
Pozmasın bu eşqi taleyin əli.
Mən də bu sevdanın müştərisiyəm,
Mən də sənin kimi dəliyəm, dəli.

Eşq ilə yaraqlandım

Gözündə güzgülənib,
Gözündə daraqlandım.
Sevgi yaşım gəlməmiş,
Eşq ilə maraqlandım.

Baxdım, güldüm, uğundum,
İlmə-ilmə toxundum,
Kitab-kitab oxundum,
Əlində varaqlandım.

Yollara həsrət əkdim,
Uğur donlu böcəkdim,
Üstünə qoşun çəkdim,
Eşq ilə yaraqlandım.

Ruhu qərib quş oldum,
Durnalara qoşuldum,
Özgədən soruşuldum,
Özgədən soraqlandım.

Oxuyub aşıq oldum,
Sənə yaraşıq oldum.
Gözünə işıq oldum,
Evində çıraqlandım.

Bir qanadlı mələyinəm

Gəlsən əgər bu dünyaya təzədən,
Məni bir də, məni bir də, bir də sev.
Eşqimizi möcüzətək yaşayaq,
Sehrdə sev, əfsunda sev, sirdə sev.

Duyğularım dəniz kimi qabarıb,
Bu eşq məni öz dünyamdan qoparıb,
Nəzir deyək, qurban kəsək aparıb,
Sövdələşək bir müqəddəs pirdə, sev.

Bu eşq haqdır, görsün haqq da, sevinsin,
Ürəyimiz bir ocaqda sevinsin,
Taleyimiz gülsün baxta, sevinsin,
Axşam-sabah salma məni dərdə, sev.

Qərib durna lələyinəm mən sənin,
Şeytanınam, kələyinəm mən sənin,
Bir qanadlı mələyinəm mən sənin,
Mələk kimi göydə axtar, yerdə sev.

Aynur, fəsil başdan-başa yay olsa,
İlahidən hər qədəmdə pay olsa,
Ay sevgilim, barmaq-barmaq say olsa,
İkidə yox, elə məni birdə sev.

Çəkir sən olduğun uzaqlar məni

Qızıl don biçirsən duyğularıma,
Alırsan könlümü qardan, sazaqdan.
Uzaqdan gəlirsən yuxularıma,
Uzaqdan gəlirsən, çox-çox uzaqdan.

“Gülüb-ağlamalı gündəyəm” bir bax,
Neçə kəmim olur, kəsirim olur.
Özün uzaqdasan, uzaqda, ancaq,
Xəyalın hər gecə əsirim olur.

Baxsan, səmalarda görərsən məni,
Uzun gecələrin ay çiçəyiyəm.
Ətrimlə, qoxumla qucuram səni,
Bir bahar ətirli may çiçəyiyəm.

Odlu baxışınla səpələyirsən,
Gözündən-gözümə umu-küsünü.
Bəlkə də, uzaqdan hiss eləyirsən,
Qəlbimin aramsız döyüntüsünü.

Sənsizlik dünyada ölümdən ağır,
Çəkir sən olduğun uzaqlar məni.
Bir gün uzaqlardan yanına çağır,
Yazım könlündəki ağ səhifəni.

Titrəyir, gərilir qəlbimin simi,
Uzaqdan nə qədər can alacaqsan.
Gec, ya tez, bilirəm, bir qayıq kimi,
Mənim sahilimə yan alacaqsan.

Ömrümüzün zirvəsi

Ömrüm-günüm, ovsununda itmişik,
Candan əziz canmı deyək bu eşqə?
Apararmı bizi uzaq illərə,
Yoxsa bircə anmı deyək bu eşqə?

Duyğulanaq, bir ürəkdə yoğrulaq,
Əsib keçən küləklərdə sovrulaq,
Nə deyirsən, oda düşüb qovrulaq,
Kərəm kimi “yan”mı deyək bu eşqə?!

Göz yaşından gövhər tutub, dürr tutub,
Bir nəğmədə ikimizi bir tutub,
Ömrümüzün zirvəsində yer tutub,
Bəymi deyək, xanmı deyək bu eşqə?

Aparır e… yana-yana aparır,
Asimandan asimana aparır,
Aynur, bu eşq bizi qana aparır,
Yoxsa, elə qanmı deyək bu eşqə?!

Mən bir sevda quluyam

Göz yaşlarım gözümdən
Mirvaritək süzülür.
Çarpaz misralar kimi
Yanağıma düzülür.

Üzümdəki hər misra
Eşqə gedən yolumdur.
Göz yaşımın ləkəsi
Təsdiqlənmiş qolumdur.

Dilimdə dua yatır,
Üzüm haqqa tərəfdir.
Bircə Allahım bilir,
Nəyim düz, nəyim səhvdir.

Mən bu ülvi eşq ilə
Hər bir kəsdən öndəyəm.
Sevgidən doğulmuşam,
Mən bir sevən bəndəyəm.

Mən bir sevda quluyam,
Kürəyimdə eşq yükü.
Dilimdə söz daşıdım,
Ürəyimdə eşq yükü.

Gəlmir səsin-sorağın

Nədən xeyli zamandır
Gəlmir səsin-sorağın?
Nədənsə kəsilibdir
Qapımızdan ayağın.

Yuxuma da girmirsən,
Bir yol görəm üzünü.
Elə bil ki, dünyadan
Yel süpürüb izini.

Yazmısan ki, darıxma,
Darıxmayım, neynəyim?
Boylanmaqdan yollara,
Tozlanıbdır eynəyim.

Heç bir işim düz gəlmir,
Hər şey olub baş-ayaq.
Bir azca süst olmuşam,
Bir az da dəlisayaq.

Elə bil ki, əqrəbi,
Qırılan bir saatam.
Vaxtım, vədəm bilinmir,
Yamanca narahatam.

Əlvida demədim ki…

Yolumuz haçalandı,
Sən sola get, mən sağa.
Çox ləngimə, yeyin get
Mənzilinə çatmağa.

Birdən yadından çıxar,
Deyib yadına salım;
Səni də gözləyən var,
Məni də, qadan alım.

Düşünürsən arxada
Sevdiyin bəndə qalıb.
Getməyinə gedirsən,
Xəyalın məndə qalıb.

Əsəblərin pozulub,
Qaralmasın qanın da.
Zənn elə ki, heç sənin
Olmamışam yanında.

Sən bu qədər özünü
Niyə edirsən ləlik?
Əlvida demədim ki,
Söylədim ki, hələlik…

Məni məndən gəl, apar

Ərimişəm, qarışmışam sənə mən,
Gəl də, məni özününkü bil, apar.
Həsrəti heç yuxuda da görməyək,
Ayrılığı aramızdan sil, apar.

Qəlbim sənin işığına tağlanıb,
Qara günlər bircə-bircə ağlanıb,
Bax gör necə bağçalanıb-bağlanıb,
Gəl bir dəstə yanağımdan gül apar.

Bir yaram var, öz əlinlə sarı, gəl,
Gözləyirəm, gəl könlümün yarı, gəl,
Yetişməsən atəşinə barı, gəl,
Bu ocaqdan bircə ovuc kül apar.

Dövr edirəm gecə-gündüz qanında,
Güdükçünəm günün hər bir anında.
Biz kimik ki, bu sevginin yanında,
Bacarırsan, məni məndən gəl, apar.

Mən Aynuram, öz ağlıma gülürəm,
Az qalır ki, deyəm, özüm gəlirəm.
Çox asandır, dildə demək ölürəm,
Ölə bilsən, öl dərdimdən, öl, apar.

Mənbə: https://edebiyyatqazeti.az/