Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının növbəti nömrəsi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınıb.
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun baş direktoru akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova və Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.
Jurnal akademik İsa Həbibbəylinin “Azərbaycan-Çin ədəbi və elmi əlaqələri” məqaləsi ilə açılır. “Türk xalqları ədəbiyyatı”, “Slavyan xalqları ədəbiyyatı”, “Avropa və Amerika ədəbiyyatı”, “Asiya və Afrika xalqları ədəbiyyatı”, “Müqayisəli ədəbiyyatşünaslığın nəzəri məsələləri” və “Resenziyalar” bölümlərində müxtəlif elmi məqalələr işıq üzü görüb.
Bu nömrədə Azərbaycan və rus dillərində məqalələr yer alıb.
Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Cənubi Koreya, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.