Oktyabrın 22-də Ankaranın Konqres və Sərgi Mərkəzində “Bir millət –iki dövlət” adlı vizual tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyə və Azərbaycandan 100 sənətçinin iştirakı ilə lirik, müasir və xalq rəqsləri, teatral səhnələrin bir arada olduğu təqdimat tamaşaçılara unudulmaz anlar yaşadacaq. Beş il sürən məşq sayəsində ərsəyə gələn ikihissəli (hərəsi 45 dəqiqə) layihə 12 fərqli səhnə performansını əhatə edəcək.
Bu barədə layihənin Azərbaycandan olan iştirakçısı Turxan Nəcəfxanlı məlumat verib. O bildirib ki, layihənin rəhbəri Serhat Turak məşhur “Anadolu atəşi” qrupunun rəqqası kimi illərdir bütün dünyanı dolaşaraq türklüyü, türk mədəniyyətini təbliğ edir. Bu gün isə uzun müddətdir üzərində çalışdığı və xəyalını qurduğu layihəni gerçəkləşdirir.
Qeyd olunub ki, rəqs şousu Türkiyə və Azərbaycanın keçmişdən bu günə ən önəmli hadisələrini, Nizami Gəncəvi, Mövlanə, Mehmet Akif Ərsoy, Əhməd Cavad və s. görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirəcək. Müzikldə hadisələr Dədə Qorqudun dili ilə nəql olunur.
Layihənin Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə və Avropada da təqdim edilməsi nəzərdə tutulur.
Mənbə: https://azertag.az/