Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
Görən o yerlərdə yenə, ay Allah,
Şimşəklər oynaşıb şaqqıldaşırmı?!
Buludlar sıxanda kirpiklərini,
Sellər dərələrdə aşıb-daşırmı?!
Zümrüd bulaqların xoş nəğmələri,
Yenə oxşayırmı gen dərələri?!
Kükrəyən Bərgüşad, coşan Həkəri,
Çırpılıb daşlara qıjıldaşırmı?!
Şahinlər, şonqarlar ucalıqlarda,
Durnalar, turaclar ovalıqlarda,
Xınalı kəkliklər qayalıqlarda,
Veribən səs-səsə qaqqıldaşırmı?!
Səhərlər əsdikcə sərin küləklər,
Gəlintək nazlanan al biçənəklər,
Meşədə xəzəllər, çöldə çiçəklər,
Göllərdə lilparlar pıçıldaşırmı?!..
Qafqaz Əvəzoğlu olsa gedəsi,
Canın o yerlərə qurban edəsi…
Görən mənim kmi hər bir bəndəsi,
Dönüb sarı simə sızıldaşırmı?!
2005.