“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Anlaya bilirdik bir-birimizi,
Küssək də,
Sussaq da duya bilirdik.
Yıxıb tökdüyümüz,
Dağıtdığımız
Hər şeyi yerinə qoya bilirdik.
Bəs niyə olmadı?
Nəydi olmayan?
Daş dediyin ürəyim də
Gördünmü qırıldı axır?
Həvəsim qalmayıb
Qol qaldırmağa,
Yoruldum axır.
Pəncərəmdə hirsli külək,
Ürəyim qorxudan əsir.
Bəs bir də olmasa…
Dilim qurusun,
Günün
İt ulayan qaranlığında
Ağlımda bu fikir
Neynir, nə gəzir?


Bir az səhmana saldım
Dağınıq düşüncəmi.
Açdım, görüm nə qalıb
İçində düyünçəmin.

Ümu-küsüləri atdım,
Bağışladım hamını.
Həyatdı dəə, neyləyək?
Tanıdım adamımı.

Sonra bir yol gülümsədim
Başım üstə Tanrıya.
Dedim, əllərimi qoru,
Daha canı yuxalıb,
Tab gətirmir ağrıya.