Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Prezident mükafatçısı

Günəş doğana qədər…

İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər,
 Bumu ömür dedikləri, bumu yazılan qədər?!
 Bu gecəni oyaq qalıb, Günəş doğana qədər,
 Qoşulub dəli çaylara çağlamaq istəyirəm,
 İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

 Elə bil ki dünyamızın  ağır-ağır dərd-qəmi,
 Boylanaraq yollarıma min il gözləmiş məni,
 Acılarım dərin dərya, ucsuz-bucaqsız zəmi,
 Dərdlərimdən min-min dastan bağlamaq istəyirəm,
 İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

 Cərgə-cərgə, dəstə-dəstə dərdlərimi çinləyib,
 Kaman kimi nalə çəkib, bir ney kimi inləyib,
 “Apardı sellər saranı” havasını dinləyib,
 Minbir yerdən sinəmi dağlamaq istəyirəm,
 İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

 40 min illik tariximdən silinməyən izəm mən,
 Heç kölə olmadım ki, köləlikdən bezəm mən.
 Nədən qul sifətində görünəm mən, gəzəm mən?
 Əyilmiş qamətimi şaxlamaq istəyirəm,
 İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

  Qalaq-qalaq kədər-qəm sinəmdə daşlaşıbdı,
  Türküstanın elləri yamanca yadlaşıbdı.
  İki yüz ildi taleyim  dərdlə qardaşlaşıbdı.
  Bəla gələn yolları bağlamaq istəyirəm,
  İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

 Orda Göyçə  əl edir, burda Dərbənd üzülür,
 Göz dağıtək Borçalı, Təbriz səf-səf düzülür,
 Qəzəbli Qarabağın gözündən qan süzülür,
 Tərs gedən bu gedişi saxlamaq istəyirəm,
 İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

 İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər,
 Bumu ömür dedikləri, bumu yazılan qədər?
 Bu gecəni oyaq qalıb, Günəş doğana qədər,
 Qoşulub dəli çaylara çağlamaq istəyirəm,
 İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

Mən elə SƏNəm

Sənin gözlərində kədər gizlənib,

Aç söylə dərdini, qarşında mənəm.

Sən yurdun qoynunda bir şah dağısan,

Mən sənin qoynunda dumanam, çənəm;

Birdənəm, Birdənəm!

O mənəm, dünyaya Birdən boylanan,

Sirri axtarana sirdən boylanan…

Mən sənin eşqinlə yerdən boylanan

Günəşə can atan toxumam, dənəm

Birdənəm, Birdənəm!

Dəryasan, çay olub sənə axmışam,

Səni tanıyandan yoxa çıxmışam.

Bilmirəm, heç bəlkə başdan yoxmuşam…

Məndə mən qalmayıb, mən elə SƏNəm;

Birdənəm, Birdənəm!

Ey insan…

Tora düşən balıqtək,

Hey çırpınar ruhumuz.

Göyə çıxmaz, 

qayıdıb,

Qəlbə çökər ahımız.

Önümüz dağ, dərədi,

Bu yol hansı yerədi?

…Bələdçimiz törədi,

Ədalətdi şahımız.

Cahan hayqırır bar-bar:

“Ey insan, məni qurtar”?!

Hər dövrün bir Nuhu var,

Kimdir bizim Nuhumuz?!

Mənbə: https://ovqat.com/