Bu il görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olur və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bəstəkarın yubileyinə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir. Məlum olduğu kimi, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley noyabrın 9-dan 24-dək Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində beynəlxalq miqyasda qeyd ediləcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO-nun birgə təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı Parisdə, UNESCO-nun baş qərargahının konsert zalında keçiriləcək.
Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Konsert proqramına bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti” və digər əsərlər daxil edilib.
Yubiley tədbirinin rejissoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ülviyyə Könuldür.
Mənbə: https://azertag.az