Dövlət başçısının sərəncamı ilə bu il anadan olmasının 130 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilən istiqlal şairi Əhməd Cavad (1892-1937) Azərbaycan milli ictimai fikrinin parlaq simalarından biridir. XX əsr Azərbaycan poeziyasında istiqlal ideyalarının yorulmaz təbliğatçısı olan şairin yaradıcılığı həmişə müasirdir.
Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutu ilə birgə Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbir keçirilib.
İlk olaraq sözləri Əhməd Cavada, musiqisi dahi Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra açılış nitqi ilə çıxış edən Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova qonaqları salamlayıb.
Şairin nəticəsi Cavad Axundzadə qeyd edib ki, Əhməd Cavadın adını daşımaq böyük şərəf və ikiqat məsuliyyətdir: “Mən çalışmışam ki, bu adı hər zaman doğruldum. Əhməd Cavad Azərbaycan ədəbi fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bildiyiniz kimi, Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Mən bir daha Əhməd Cavadın yaradıcılığına göstərilən diqqətə görə ölkə başçısına təşəkkürümü bildirirəm. Əhməd Cavad bütün ömrünü istiqlal ideyalarına, türkçülüyə həsr edib. Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu sıralarında, Balkan cəbhəsində hərbi əməliyyatlarda iştirak edən şair “Çırpınırdın, Qara dəniz” şeirini yazmaqla bütün Türk dünyasının birlik simvoluna çevrilib”.
Cavad Axundzadə çıxışının sonunda tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy qeyd edib ki, Əhməd Cavadın ədəbiyyatımızdakı rolu bizim üçün milli yaddaşı yaratmağındadır.
Daha sonra institutun nəzdində fəaliyyət göstərən “Qorqud” folklor ansamblı (bədii rəhbər – Əməkdar artist Nuriyyə Hüseynova) tərəfindən musiqili proqram təqdim olunub. Konsertdə Nuriyyə Hüseynova, Ülviyyə Sədaqət, Çilənay Hüseynova, Həlimət Sultan və Aşur Adıgözəlov şairin şeirlərinə bəstələnən “Al bayraq”, “Şükriyyə”, “Can, Azərbaycan”, “Çırpınırdın, Qara dəniz” və digər mahnıları böyük məharətlə ifa ediblər.
İfaçıların çıxışları alqışlarla qarşılanıb.
- Mənbə: https://culture.gov.az/