Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə yaradılan və bütün Gəncə şəhərində yerləşən ümumtəhsil məktəblərini əhatə edən “Məktəblilərin Poeziya Klubu” nun iştirakçıları ilə Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə şöbəsinin müdiri, teatrşünas-tənqidçi Anar Bürcəliyevlə görüş keçirilib.
Görüş zamanı Anar Bürcəliyev keçdiyi sənət və yaradıcılıq yoluna istinad etməklə şagirdlərə dəyərli tövsiyələrini verərək onlara hansı səpkidə, hansı işləri görə biləcəkləri barədə söhbət aparıb. Ədəbi mühitdə gedən proseslərdən ətraflı məlumat verən Anar Bürcəliyev şagirdlərin yazı nümunələrini dinləyib, onların ilk qələm təcrübələri olan şeir, hekayə və esseləri ilə bağlı tövsiyələr verərək, onları tənqiddən qorxmağı deyil, nəticə çıxarmağı, öz üzərilərində əzmlə işləməyi məsləhət görüb.
Görüşdə klassik Azərbaycan yazarlarından nümunələr gətirən Anar Bürcəliyev sözün poetikliyini, lakonikliyini, bədiiliyini ön plana çəkərək şeir və hekayələrin təsir gücünün artırılmasında böyük rol oynadığını da xüsusi ilə məktəblilərin diqqətinə çatdırdı. Anar Bürcəliyev həmçinin bədii qiraət sahəsinə də toxunaraq, şagirdlərə mütaliə etməyin nitq mədəniyyətinin, qiraətin inkişafında oynadığı əsaslı rolunu qeyd etdi və qiraəti inkişaf etdirməyin yollarıyla bağlı tövsiyələr verdi. Eyni zamanda, şagirdlərin mətbuatda, qəzet və jurnallarda nəşr olunmanın yolları, ədəbi tənqidlə bağlı sualları cavablandırıldı. Tədbirin sonunda Anar Bürcəliyev öz fəallıqları ilə fərqlənən şagirdlərə müəllifi olduğu kitablarını hədiyyə edib.
Xatıradaq ki, “Məktəblilərin Poeziya Klubu” Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində eyni adlı layihənin rəhbəri Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin müəllimi Günay Ələkbərzadə tərəfindən yaradılıb. İlkin mərhələdə müsabiqə yolu ilə seçilən 20 şagird layihəyə cəlb edilib. Bədii yaradıcılığa ilk addımlarını atan məktəblilərlə layihənin icra planına uyğun olaraq ustad dərslərinin və görüşlərinin keçirilməsi nəzərdə tutulub. Layihə rəhbəri ustad görüşlərinin davamlı olacağını da bildirib.
Xəyalə SEVİL,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ BÜROSUnun RƏHBƏRİ.
Qrup yoldaşım Günay müəlliməni təbrik edirəm. Uğurları davamlı olsun.