Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Susub dayanmısan qarşımda aciz
Günahı ovcuna yığıb gəlmisən
Yaşaya bilməzdin bir an da mənsiz…
Bəs necə olub ki, sən ölməmisən?!
Sözlərin də yalan libasını geyir,
Girir dondan-dona, aldadır məni.
Əslində ürəyin deyəni deyir,
Öz dilin özünü yandırır yəni…
Bəzən sən qəlbimi elə qırmısan,
Gözümdən od-alov süzülüb elə.
Bəzən də qəlbimə yol axtarmısan,
Sözlərin yalana çevrilib yenə.
Əmanət etdiyim sevginin indi
Küncə qoyulduğun görürəm, nədən?!
Buna nə dil döndü, nə dodaq dindi,
Üzümü çevirib gedirəm səndən.
Uzaqdan-uzağa görərsən məni,
Özümə, sözümə həsrət qalarsan.
Əlində boy verən bu məhəbbətin,
Özgə dodaqlardan adın duyarsan….