Yanvarın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Gövhər Həsənzadədir.
Qeyd edək ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur. Danışan gəlincik tapıb, onunla danışmaq, söhbət etmək arzusunda olan Şahzadə üçün kasıb bir ailənin qızını pulla alıb saraya gətirirlər. İnci adlı bu gözəl qız var-dövlət içində, gözəl həyat şəraitində xoşbəxt deyil və öz ailəsini arzulayır. Dost-dosta heç vaxt yalan danışmaz, yalançı dost ilə ürək barışmaz. Dünyada hər şeyi pulla almaq mümkündür, lakin insan qəlbini, ailə mehribanlığını, hər şeydən öncə isə valideynləri, bacı-qardaşları pulla almaq mümkün deyil. Bu ideyanı əsas götürən dramaturq Şahzadə personajı ilə onun ata-anasına həyat dərsi verir, bu kasıb ailəni saraya gətirdir. Onlar mehriban bir ailə kimi yaşayırlar.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.