Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Evripidin “Medeya” əsəri əsasında hazırlanan eyniadlı monotamaşa nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, yanvarın 12-də nümayiş olunacaq tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsəri maraqlı rejissor yozumu, dövrə uyğun baxımlı tərtibat, geyim, işıq və musiqi həlli ilə Əməkdar artist Münəvvər Əliyevanın cəlbedici ifasında tamaşaçıya xoş anlar yaşadacaq.
Qeyd edək ki, “Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir. Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.