Meksikanın Azərbaycandakı səfirliyində meksikalı sənətkar Pedro Sezar Peraltanın (NoroN) “Mictlán: Aztek Mifologiyasının yeraltı dünyası” kolleksiyasının təqdimatı keçirilib.

Təqdimatdan əvvəl AZƏRTAC-a müsahibə verən Meksikanın Azərbaycandakı səfiri, xanım Mariya Viktoriya Romero Kabayero deyib: “Meksika müxtəlif mədəniyyətləri və millətləri özündə birləşdirməsi baxımdan Azərbaycanla müəyyən bənzərliklərə malikdir. Bu səbəbdən gələn il Meksikanın Azərbaycandakı səfirliyinin açılmasının 10 illiyi münasibətilə müəyyən tədbirlər planlaşdırırıq, həmçinin bu ilin payızında bu tipli yeni layihələrin təqdimatının həyata keçiriləcəyi də istisna deyil”.

Sərginin əhəmiyyətindən danışan diplomatın sözlərinə görə, bu tədbir hər şeydən öncə Meksika adət-ənənələriylə böyümüş bir sənətkarın xarakterini əks etdirir. “Pedronun doğulduğu kənd tarixən onun hazırda nümayiş etdirdiyi kilimçilik sənəti ilə məşğul olub, ona görə də bu peşə onun daxilindən, uşaqlığından gəlir. Bugünkü tədbirin əsas məqsədi sənətkarın daxili dünyasını kəşf etməklə yanaşı, bizim ispan koloniyalarından əvvələ gedib çıxan və başqa mədəniyyətlərlə bənzəri olmayan keçmişimizi əks etdirən sənətkarlıq nümunələrini nümayiş etdirməkdir”, – deyə səfir qeyd edib.

Səfir, xanım Viktoriya Romeronun açılış nitqi ilə başlayan tədbirdə, həmçinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum pislənib, bu hadisə nəticəsində şəhid olmuş səfirlik əməkdaşının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə meksikalı sənətkar Pedro Sezar Peralta sərgilənən əsərlərindən, onların hazırlanmasından və gələcək planlarından danışıb.

Sonra iştirakçılar nümayiş olunan əsərlərlə tanış olublar.

Sənətkar kolleksiyasında Meksika mədəniyyətini fərqli və yeni tərzdə, tullantılardan və istifadə edilmiş məhsullardan hazırladığı kilimlərdən ibarət əsərləri ilə sənətsevərlərə çatdırmağa çalışıb.

Mənbə: https://azertag.az