Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini 

İtirilmiş krallıqdı uşaqlıq…
“Cızza” sözünə gülən,
Palçıqda ayaqyalın yüyürən,
Qumda yuvarlanan,
Şirni üçün ağlayan kral idik biz…
…Cığallığımız “Beşdaş”dakı
Beşinci daş boydaydı…
Küskünlüyümüz çəkilən
çeçələ barmaq qədər…
Kədərimiz boyumuzdan kiçikdi…
Gülüşümüz göy qədər…
…Nənəmin corabının başından çıxardığı
“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz…
Böyüdük…
…İtirdik krallığımızı…
…Əcəl aldı nənəmizi…
Böyüdükcə yanlış çıxdı
Həyata dair bütün bildiklərimiz…