«Qobustan» İncəsənət Toplusunun yazı sayı işıq üzü görüb. 2023-cü il Heydər Əliyev ili konsepsiyasında yayımlanan dərgi Ulu öndərin əziz xatirəsinə ithaf olunub. Dərgidə müxtəlif yazıçıların, alim və sənətkarların Heydər Əliyev haqqında xatirələrinə, yazılarına yer verilib. Ədəbiyyatşünas-alim Vilayət Quliyev «Ədəbiyyat mühafizi» adlı məqaləsində Ulu öndərin şair və yazıçılarla, söz-sənət adamları ilə münasibətlərindən söz açıb.
Həmçinin dərginin Yaz sayında bu il yubileyləri qeyd olunan «Azərbaycan» dərgisi, «Sabah» Yaradıcılıq Birliyi haqqında məqalələr, bəstəkarlar Fikrət Əmirov, Şəfiqə Axundova, rəssam Cavad Mircavadov, Xalq yazıçıları Anar, Elçin, Mövlud Süleymanlı yubileylərinə həsr olunmuş esse və təbrik yazıları yer alıb. Dərginin bu sayı «Qobustan»ın əməkdaşı, rəssam Ayxan Rəsulun 50 illik yubileyinə həsr olunmuş məqalə ilə yekunlaşır.
Ümummilli liderin mədəniyyətə, ədəbiyyata və onun ayrı-ayrı nümayəndələrinə qayğısı, sevgisi, xeyirxah münasibəti, həmçinin yubileyləri qeyd olunan söz-sənət adamlarının həyatında oynadığı rol dərginin əsas ideyasını təşkil edir.
Qeyd edək ki, oxucular «Qobustan»ın bu sayını AYB-nin dördüncü mərtəbəsindən, dərginin redaksiyasından əldə edə bilərlər.
Mənbə: https://edebiyyatqazeti.az/