Qapıya çatanda dayandı. Tərəddüdlə bir qapıya, bir də iki əliylə sıxdığı yerə baxdı, dişiylə dodaqlarını gəmirə-gəmirə sol əlini qapının dəstəyinə uzatdı. Amma dəstəkdən yapışa bilmədi. Barmaqlarının ucuyla alnını ovxaladı, yenidən dəstəyə baxdı. Bu dəfə gözlərini yumub dəstəkdən yapışdı, aşağı hərləyib özünə tərəf çəkdi. Qapı cırıltıyla açıldı. Oğlan gözlərini açdı və qapıdan içəri baxdı. Anbaan sifətinə hakim kəsilən dəhşətin çoxdan ruhunun bütün künc-bucağına sirayət etdiyi bəlli idi; ağzı açılmış, gözləri bərəlmiş, əzaları titrəməyə başlamışdı. Oğlan ruhunun gözüylə yaddaşına baxırdı: çəmən rəngli qapının o üzündə bir hamam vannası vardı, bu vannanın içində də qorxunun çəkdiyi ən dəhşətli şəkil – oğlanın sevdiyi qızın cansız cəsədi vardı…
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Möhtəşəm hiylə” (Roman) kitabı işıq üzü görüb. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gənc xanım yazar Şəfa Vəlidir.
Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi.