Botiçelli və da Vinçinin rəsmləri hətta 500 il sonra da öz parlaq rəngləri ilə tamaşaçısını heyran edir. Yağlı boyalara yumurta sarısının əlavə edilməsi bu tabloları əbədiyaşar edir, onların üzərindəki boya təbəqəsində qırışlar və çat əmələ gəlməsinin qarşısını alır, həmçinin boyaların rənginin dəyişməz qalmasına səbəb olur.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu qənaəti İtaliyanın Piza Universitetinin və Almaniyanın Karlsrue Texnoloji İnstitutunun alimləri hasil ediblər. Onların bu kəşfi haqqında məqalə “Nature Communications” jurnalında dərc olunub.
Suda həll olunmuş yumurta sarısından rəngləmək üçün piqmentləri birləşdirən maddə kimi istifadənin tarixi qədim zamanlara gedib çıxır. Lakin XV əsrdə Avropa rəssamları yağlı boyalarla rəsm çəkməyə başladılar və birləşdirici element qismində kətan yağından istifadə etdilər. Bununla belə, tədqiqatlar göstərir ki, Renessans dövrünün bir çox görkəmli rəssamları – Sandro Botiçelli və Leonardo da Vinçi yağlı boyalara yumurta sarısı qatmağa davam ediblər. Onların bunu nə üçün etdikləri bu günədək məlum deyildi.
Bu suala cavab vermək üçün professor Norbert Villenbaxer və onun həmkarları eksperiment həyata keçirdilər və üç növ boya hazırladılar. Birincidə piqmentlərə kətan yağı əlavə edilib, ikincidə bu məhlula bir neçə damcı yumurta sarısı qarışdırılıb, üçüncüdə piqmentləri əvvəlcə suda həll edilmiş yumurta sarısı, məhlul quruduqdan sonra isə yağla siliblər.
“Məlum olub ki, yumurta sarısı boyanın keyfiyyətinə, ilk növbədə onun qatılığına əhəmiyyətli dərəcədə təsir edib. Məhz yumurta sarısı əlavə olunmuş boya ilə impasto texnikasından (kətanın rənglənmiş təbəqələri axmadan onun səthini örtür) istifadə etmək mümkündür. Boyanın aşağı təbəqələrinin qatılığı sayəsində onun xarici təbəqəsi çatlamır və qırışmır”, – deyə Villenbaxer “The Guardian” nəşrinə şərhində bildirib.
Bundan başqa, yumurta sarısı boya təbəqələrini rütubətdən qoruyur, xüsusən, bununla ağ-gümüşü rənglərin saralmasının qarşısını alır. Məhz bunun sayəsində yağlı boyalar gec quruyur və bu, onları daha da dayanıqlı edir, rəsm əsərinin uzun müddət yaxşı qalmasına şərait yaradır.