XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvabdır. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Nəvvabın həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqqında məlumat verilir. Burada görkəmli alim həm öz dövrünün müasirləri ilə bir vəhdət formasında qələm sahibliyi edən, incə ruhlu şair, həm zərif zövqə, əsrarəngiz rəng çalarına malik rəssam, həm də nəqqaşlıq, xəttatlıq, astronomiya, musiqişünaslıq kimi sahələrə dəyərli töhfələr vermiş mütərəqqi ziyalı kimi təqdim edilir.
Materialda Nəvvabın müəllifi olduğu və onun haqqında qələmə alınan “Erməni-müsəlman davası”, “Qarabağ mədəni-ədəbi mühiti”, “Gözəllik və bilik aşiqi Nəvvab”, “Təzkireyi-Nəvvab”, “Musiqi haqqında risarələr”, “Nəsihətnamə” kimi 20-ə yaxın kitabın və müxtəlif dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilir.
Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında və sosial şəbəkə hesablarında yerləşdirilib.
Mənbə: https://azertag.az/