Azərbaycanlı tanınmış şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının başqanı Əkbər Qoşalı Qazaxıstanda “Qaraqanda Yazı – 2023” Poeziya festivalında və Astanada keçirilən VI Avrasiya Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Astanada keçirilən nüfuzlu Kitab Sərgi-Yarmarkasında Əkbər Qoşalının qazaxcaya çevrilmiş, “Foliant” Nəşriyyatında nəfis tərtibatla çap olunmuş şeirlər toplusu – “Turanın bir qom yovşanı” kitabının geniş təqdimatı olub.

Qazaxıstan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət xadimi Devletkerey Kapulının aparıcısı olduğu təqdimatda Qazaxıstanın informasiya və sosial işlər naziri Darxan Kıdırali, Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov, “Foliant” Nəşriyyatının baş direktoru Nurlan İsabekov, tanınmış şair-tərcüməçi Tanagöz Tolkınqızı, Saxa-yakutiyalı şair-tərcüməçi Arılı Duydax və qazax şair-yazıçıları çıxış ediblər.

Ə.Qoşalıya Qazaxıstanın İnformasiya və Sosial İşlər Nazirliyinin, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin fəxri fərmanı təqdim olunub. İstedadlı qazax məktəblisi Abdulxadi Sərsenbek azərbaycanlı yazarın ağ-qara rənglə işlədiyi portretini ona bağışlayıb.

Ə.Qoşalı Astanada çıxan kitabını qazax oxucuları üçün imzalayıb.

Səfər müddətində azərbaycanlı yazar Qazaxıstanda bir sıra maraqlı görüşlər keçirib, maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb. Qazaxıstanın çoxtirajlı “Egemen Qazaqstan” qəzetinin redaksiyasında, habelə Qazaxıstan Yazıçılar Birliyinin Astana filialı – Astana Yazarlar Evində Ə.Qoşalı ilə görüş təşkil olunub, yeni nəsil qazax aydınları, şair-yazıçıları ilə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşlərdə Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri, ölkələrimiz arasında günü-gündən genişlənən mədəni əlaqələr xüsusi minnətdarlıqla vurğulanıb.

30-a yaxın qazax yazıçısına Qazaxıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdikləri töhfələrə görə DGTYB adından fəxri fərman təqdim olunub.

Mənbə: https://azertag.az/