Mayın 18-i Beynəlxalq Muzeylər Günü qədim tarixə və mədəniyyətə malik Azərbaycanda da qeyd edilir. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylərin ekspozisiyaları milli ənənələrimizi uğurla təbliğ edir. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları oxucular üçün Muzey Mərkəzinə ekskursiya təşkil etdilər. Oxucular və kitabxanaçılar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, qaval, qoşa nağara, qara zurna və özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri, qramofonlar, qramofon valları, patefonlar, Azərbaycan musiqi sənətinin baniləri Üzeyir Hacıbəylinin, Bülbülün, görkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun müəllif not yazıları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqram və fotoşəkillərlə tanış oldular. İstiqlal Muzeyində isə rəsm və heykəltaraşlıq əsərləri, xatirələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş olunurdu. Bundan başqa, ekspozisiyada nümayiş etdirilən maketlər, eskizlər, kostyumlar kitabxanaçıların və oxucuların marağına səbəb oldu. Ekskursiyanın sonunda xatirə şəkilləri çəkildi.