Bu gün Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyevin anım günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyev/index.htm linkindən istifadə edə bilər.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir.
Mənbə: https://azertag.az/