Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümü qeyd edilib

26 fevral 2026-cı il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Giriş sözü ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, İnstitutun elmi katibi Aygün Bağırlı 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş hadisələrin faktları, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər və insanlıq əleyhinə cinayətlər barədə ətraflı məlumat vermiş, Xocalı soyqırımının tarixi-siyasi konteksti və onun milli yaddaşımızdakı qara səhifə olduğunu vurğulanmışdır.Daha sonra filologiya elmləri doktoru Mərziyyə Nəcəfova çıxış edərək Xocalı faciəsinin Azərbaycan ədəbiyyatında, xüsusilə poeziyada geniş əks olunduğunu qeyd edib. Bildirib ki, Nurəngiz Gün, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi görkəmli söz ustadlarının yaradıcılığında Xocalı mövzusu mühüm yer tutur. Xüsusilə, Nurəngiz Günün “Xocalı simfoniyası” poemasının bir neçə xarici dilə tərcümə olunması və əsər əsasında filmin çəkilməsi faciənin beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilib. Qeyd edilib ki, Xocalı şəhidlərinə həsr olunmuş yüzlərlə kitab nəşr edilmiş, publisistik və bədii ədəbiyyatda mövzu geniş şəkildə işlənmişdir. Tədbirdə fiologiya elmləri doktoru, dosent Gülbəniz Babayevanın “Azərbaycan publisistikasında Xocalı soyqırımı” mövzusunda məruzəsi dinlənilib. Tədbir iştirakçıları Xocalı soyqırımının tarixi həqiqətlərinin elmi müstəvidə araşdırılmasının, ədəbiyyat və publisistika vasitəsilə gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha vurğulayıblar.