* * *

Anamın öldüyü yaşa çatmışam,
Hələ ötürmüşəm üstünə 1 il..
Zaman keçir.. köhnəlməyir yaralar,
Hərdən üstünə də yenisi gəlir..

Aldatdım özümü gülüşlərimlə,
Getdin, riyakarlıq tutdu əlimdən..
Yalançıyam mən də, o gündən daha,
“Yaxşıyam, yaxşıyam..” – düşmür dilimdən..

Allahı küsdürdün.. Eşitmir məni..
Günahınla oldun ömrümə qənim..
Sonumu əvvəldə gətirdin elə,
Mayaksız, limansız yol azır gəmi..

* * *

Yoxluğunu sevərdim,
Gedəndə oxşasaydı,
Pərişan tellərimi..
Sarıldım boşluğuna,
Üşütdü qucağımı,
Üşütdü əllərimi..

Ovucumda buz kəsib ,
Xeyli vaxtdır dualar..
Gün çıxmır ki, ərisin,
Səs də gəlmir Xudadan..
Aciz yaranıb bəndə,
Aciz yaranıb adam..
Yoruldu dərd daşıyan,
Dərdimin ayaqları..

Sən gedəndə başladı,
Sədaqəti təkliyin..
Əlimə batdı tikan,
Çiçək idi əkdiyim..
Tale etmədi insaf,
Bəs deyildi çəkdiyim?..
Yoruldu tək daşıyan,
Dərdimin ayaqları..