Bir qanad istəyirəm,
Tanrım uzat əlini.
Pərvazlanıb göylərə,
Hiss edim o mehini.

Uçub mavi səmaya,
Dünyaya mən də baxım.
Dünyanın gərdişinə
Bir əl mən də uzadım.

Icazə ver fələyin
Bir gün alım rolunu.
Dəyişim insanların
Əyri gedən yolunu.

Bütün tərk edilənlər
Qovuşsunlar anında.
Heç ölüm də durmasın
Sevgilərin yanında.

Analar övlad deyib
Acılardan yanmasın.
Sığallayan əlləri
Soyuğa alışmasın.

Torpaqları qaytaran
Oğullar da qayıtsın.
Qaraya bürünənlər
Xoşbəxtliyə sarılsın.

Bircə günlük, ilahi,
Bircə günlük fələyə
Tapşır sevinc paylasın
Bir ovucluq hərəyə.

Bir pay da mənə gəlsin,
Ovunum istisinə.
Sonra çıxıb gələrəm
Əzraillə evinə.

Bir qanad istəyirəm,
Tanrım uzat əlini.
Son nəfəsdə sevgiylə
Sığalla ağ telimi.