
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.
MEMİM-dən AZƏRTAC-a bildirilib ki, proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla tədrisin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.
Bu mərhələdə xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni ilə bağlı proqramlar yenidən hazırlanıb. Yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində müvafiq sahələr üzrə tədris prosesinin səmərəliliyinin artırılmasına, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.
MEMİM tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon, xor, vokal və balaban sinifləri üçün tədris proqramları hazırlanıb.
Tədris proqramları ilə https://memim.az/ saytının “Nəşrlərimiz” bölməsində tanış ola bilərsiniz.
Mənbə: https://azertag.az/