Səməd Vurğun irsi, şübhəsiz ki, bu gün də maraqlı və aktualdır. Hər şeydən əvvəl, o, Azərbaycan ədəbiyyatının dahi nümayəndələrindən biri, poetik sözün incə ustadı, doğma dilimizi, mədəniyyətimizi və milli xarakterimizi dərindən duyan sənətkardır.

Bu barədə şairə və dramaturq, Azərbaycan və Çexiya Yazıçılar birliklərinin üzvü, “Natəvan” cəmiyyətinin və Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Bəyim AZƏRTAC-ın müxbirinə müsahibəsində danışıb.

“Onun yaradıcılığında zaman keçdikcə əhəmiyyətini itirməyən mövzular səslənir: Vətən sevgisi, tarixi yaddaş, insan ləyaqəti, insanın öz kökləri ilə bağlılığı. Buna görə də Azərbaycan ədəbiyyatı və tarixi, mədəni və milli kimlik məsələləri ilə maraqlanan insanlar üçün Səməd Vurğun poeziyası xüsusilə əhəmiyyətlidir. Mənə elə gəlir ki, onun əsərləri müasir oxucu ilə də danışa bilir. Dövrlər, şərait, həyat tərzi dəyişir, lakin insanın haradan gəldiyini anlamaq, doğma torpağı, dili və mədəniyyəti ilə bağlılığını hiss etmək ehtiyacı dəyişməz olaraq qalır. Məhz bu duyğu Səməd Vurğunun poeziyasında çox güclü hiss olunur”, – deyə müsahibimiz qeyd edib.

Onun fikrincə, Səməd Vurğunun yaradıcılığı bu gün postsovet məkanında – ilk növbədə, vaxtilə əsərlərinin fəal tərcümə edildiyi və nəşr olunduğu ölkələrdə daha çox tanınır.

“Kitabları keçmiş sovet respublikalarının kitabxanalarına daxil olub və onların bir çoxu bu gün də orada qorunub saxlanılır. Digər məsələ isə bu əsərlərin bu gün nə qədər geniş oxucu auditoriyasının olmasıdır. Düşünürəm ki, burada vəziyyət artıq fərqlidir. Lakin Azərbaycan diasporu üçün Səməd Vurğunun yaradıcılığı əvvəlki kimi xüsusi əhəmiyyət daşıyır. Onun əsərlərində Vətən, milli yaddaş və özünüdərk mövzusu o qədər güclü səslənir ki, bu, Azərbaycandan kənarda yaşayan bizlərə təsir etməyə bilməz. Vətəndən uzaqda bəzi misralar hətta daha kəskin və daha dərindən duyulur.

Məncə, Səməd Vurğun irsinin xaricdə təbliği üçün, ilk növbədə, yeni və keyfiyyətli tərcümələrə ehtiyac var. Vacib olan yalnız şeirin məzmununu hərfi şəkildə çatdırmaq deyil, həm də onun poetik gücünü, ritmini, obrazlılığını və emosional dərinliyini qoruyub saxlamaqdır. Müasir nəşrlər, ədəbi gecələr, ictimai qiraətlər, universitet və mədəniyyət layihələri də az əhəmiyyət daşımır. Onun poeziyasını yalnız Azərbaycan auditoriyasına deyil, məsələn, Avropa dillərinə tərcümələr vasitəsilə yerli oxucuya da tanıtmaq xüsusilə maraqlı olardı. Belə olduqda, Səməd Vurğun yalnız milli ədəbiyyatın klassiki kimi deyil, həm də ümumbəşəri duyğulardan bəhs edən şair kimi qəbul edilə bilər”, – deyə L.Bəyim vurğulayıb.

O, həmçinin bildirib ki, Səməd Vurğunun şeirləri Praqadakı Azərbaycan Mədəniyyət Evində, eləcə də Azərbaycanın Çexiyadakı səfirliyinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil etdiyi tədbirdə səsləndirilib.

“Mədəni proqramın bir hissəsi Səməd Vurğunun “Azərbaycan” şeirinin bədii qiraətinə həsr olunmuşdu. Bu, çox duyğulu an idi. Əsərin qiraətçilərindən biri kimi oxu zamanı auditoriyanın reaksiyasını birbaşa hiss etdiyim üçün tam əminliklə deyə bilərəm ki, misralar soydaşlarımıza dərindən təsir etdi. Yəqin ki, bunun səbəbi Səməd Vurğunun hər bir insana yaxın olan çox sadə obrazlar vasitəsilə Vətən sevgisindən danışmasıdır. Onun yaradıcılığında Vətən mücərrəd anlayış deyil, doğma və demək olar ki, maddi bir məfhumdur.

Ən təsirli obrazlardan biri Vətən-ana obrazıdır: “Mən bir uşaq, sən bir ana…”. Bu sadə metaforada çox dərin bir duyğu ifadə olunub: insanın harada yaşamasından asılı olmayaraq, doğma torpaqla bağlılığı uşağın anası ilə əlaqəsi kimi təbii və ayrılmaz olaraq qalır”, – deyə müsahibimiz əlavə edib.

Müəllif – Anara Axundova

Mənbə: https://azertag.az/