Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İRS – MİRAS” jurnalının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, təqdimat mərasimində çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan çoxəsrlik dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.

Səfir ortaq tarixi köklərə, zəngin mədəni irsə və milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə ardıcıl olaraq inkişaf etdiyini vurğulayıb. O, “İrs – Miras” jurnalının özbək dilində nəşrinin Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qardaş Özbəkistan ictimaiyyətinə daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Diplomat bu cür nəşrlərin xalqlarımız arasında qarşılıqlı anlaşmanın, əbədi dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, eləcə də iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.

Daha sonra çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli “İrs – Miras” jurnalının özbək dilində nəşrinin ortaq mədəni dəyərlərin təbliğinə, ədəbi və elmi mübadilənin genişlənməsinə, eləcə də xalqlarımız arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Ardınca çıxış edən Daşkənd şəhər Şurasının deputatı, fəlsəfə elmləri doktoru, professor Cəmilə Şərmuhəmmədova, Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin idarə rəisi, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, ədəbiyyatşünas Şöhrət Hayitov, Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru Kamola Akilova və Özbəkistan–Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov “İrs – Miras” jurnalının özbək dilində nəşrinin əhəmiyyətindən bəhs ediblər.

Natiqlər nəşrin Azərbaycan xalqının zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin və milli-mənəvi irsinin özbək tələbələrə və geniş oxucu auditoriyasına daha yaxından tanıdılması, eləcə də iki qardaş xalq arasında elmi-mədəni əlaqələrin və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Təqdimat mərasimində çıxış edən Bakı Dövlət Universitetinin Mədəni İrsin Araşdırılması Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, “İrs” beynəlxalq jurnalının müəllifi Musa Mərcanlı jurnalın yaranma tarixi, inkişaf mərhələləri və beynəlxalq fəaliyyəti haqqında ətraflı məlumat verib. O, jurnalın özbək dilində nəşrinin əhəmiyyətini vurğulayaraq, nəşrin hazırlanmasına və təqdimat mərasiminin təşkilinə göstərilən dəstəyə görə Azərbaycanın Özbəkistandakı səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, eləcə də layihənin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Mənbə: https://azertag.az/files