(“Ünvanımı tapan kitablar” silsiləsindən…)

“Sənə məktub yazacam…” Xuraman Muradova

“Məndən uzaqdadır bu payız yenə…” Bir şeirimdə belə yazılıb… “Yazmışam…” demək istəmirəm, şükür Yaradana-yazdırana. İnsan özünə fəsil də uydura bilərmiş… “Ruhum bahardır!” deyimi, bəlkə də, zamanın təbiət üzərində qələbəsini inkar etməyimizin ən böyük təsəllisidir. Bizimçün-təbiətin bir parçası olan bəşərçün qalib həmişə təbiətdir axı məntiqlə! Demək, məntiqə qələbə çalmaqçün hisslərimizə qulaq asıb özümüzə nələrsə uydurmalıymışıq.

“Ürək notu: vanil”… Bu kitabı yenə oxudum. Yazıçımız Xanım Anelanın indiyədək oxuduğum ən ağrılı əsəridir. Hərçənd, onun adi bir Feysbuk paylaşımında da gülümsər kədər tapmaq olur.

“Ağrılı əsər…” Kəsir, doğrayır bəzən bir obrazın taleyi-bir baxırsan, qanayan ruhuna məlhəm olan yenə özünsən; yapışmalısan öz əllərindən, çəkib çıxarmalısan bataqlıq qoxuyan köhnə dərd quyusunun içindən. Xanım Anelanın baş qəhrəmanı-Günəş əsər boyu buna cəhd edir. Bacarırmı? Bir oxucu kimi cavabım: HƏ! Bir yazıçı kimi isə, bu əminlikdə deyiləm. Dilucu mızıldanıram: Bəlkə də…

Bir də taleyin Günəşin qarşısına Baratı çıxarması var. Sevdiklərimizi hədiyyə, sevənlərimizi tumar sanırıq ha, insanpərvərliyimizin ən səmimi halı elə buradadır. Barat taleyin Günəşin saçlarına tumar çəkmək cəhdiydi. Di gəl, tale bunu da sonadək etməyə könüllü olmadı. Və Günəşin taledən küsməyə haqqı çatmadı…

Çünki… “Tale bizim nəyimizdir ki?!” Əsl küskünlüyün ünvanı əsl umulandır!

***

“Nə xəbər, ay mənim olmayanım?”

Cəzahir

Ürəyimizin üstünə kiçik qeyd kağızı yapışdırmaq şansımız olsaydı… Məncə, o kağıza heç kim özünü yazmazdı. Hamı arzusunun, ümidinin şəklini çəkərdi. Halbuki, zaman tərəzisində çəkilən insan ruhunda peşmanlıqlar və utanmaqlar arzudan da, ümiddən də ağır gəlir. Hələ-hələ, qeyri-könüllü çəkildiyi tərəziyə ruh qoyan mənim yaşıdımdırsa, əmin olun, peşmanlıqlar daha çoxdur ömür heybəsində.

Gedənlərin arxasınca qürur atmaq bir ovuc… Qayıdanların ayağı altına qan rəngli xəyal qırıqlıqları sərmək düjün-düjün… Özündən kəm-kəsir qalmağın ən gözəl tablosunu bu ikicə cümlə izah edir. “Ürək notu:vanil”də Günəşin portreti elə budur, əslində. Sadəcə, Xanım Anela rəssam (yazıçı bədii sözlə ədəbi rəsm çəkəndir) fəhmiylə tez-tez bu portretə düşən gün işığının yönünü dəyişir; oxucu qalır kölgə-işıq oyununun anlaşılmaz sehrində. Əsərin oxucuya çatma sirri kimin hansı işıqda hansı kölgənin nə gizlətdiyini görmə bacarığındadır.

Barat obrazının əsərə (əsərin ikinci adını “Günəşin taleyi” kimi oxusaq) gətirilməsi Xanım Anelanın qadın taleyinin sonrakı müdaxilələrə qapalı olmasının növbəti ədəbi izahıdır. “Cücəyə süd qismət olsaydı, anasından olardı” deyən ulularımızın təfəkkürünün də mirasçısıyıq biz. Nədən, necə qaça bilsək də, bu mirasdan qaçmaq ağlımıza belə, gəlmir.

Və Baratın xatirəsiylə dinlənən mahnılar… Müəllif oxucuya “təsəlli deyə sığınmağa mahnılar da var” deyir. Lakin… Elə mahnılar var ki, dünən təsəlli idi, bu gün ağrıdan. Bizim olmayanların yerindəki yara sızıltısıdır bəzi mahnılar. Ağrımayaq deyə, dinləməkdən də qorxuruq…

…Taleyin bizə danışdığı nağılların xoxanı kimi…

***

“Kendime tuzak günlerim…”

Sinan Akçıl

“Yola qoyulursansa, geriyə boylanmaq zəiflikdir”. Çox mənasız cümlədir. Getmək heç də həmişə cəsarət simvolu sayılmır. Getmək qaçmaqdır həm də… Həqiqətin üzünə, acizliyin gözünün içinə, vicdan tərəzisinin gah o yana-gah bu yana əyilən gözlərinin tərəddüdünə üzüağ, alnıaçıq baxa bilməyəndə, getmək yeganə çarə olur. Xanım Anelanın ağrılı əsərində bunu da yaşadıq bərabər: oxucu Şəfa və yazıçı Şəfa olaraq. Qadın olaraqsa, gülümsədik Günəşin gedişinə… Burda haqlı çıxardıq onu. Bəlkə də, Günəş bir qadın kimi elə bunu gözləyirdi həmcinsindən.

Gözləyirdimi? Yox, bu sualı Xanıma verməyəcəyəm… Cavab müəllifin zehnində yox, oxucunun – burada cinsindən asılı olmayaraq- anlama, hiss etmə qabiliyyətindədir.

“Ürək notu: vanil”i bir də oxuyacağammı? Bilmirəm… Sadəcə, ondan əminəm ki, ürəyimdə, ruhumda, düşüncəmdə qoyduğu iz həmişə orada olacaq-yeddi qalaçaya aparan yeganə kənd cığırı kimi; ot basacaq, su yuyacaq, sürü tapdayacaq, amma ən usta ləpirçidən qaçmayacaq cığırın səmti. Bir ədəbi əsərin batinini tapmaq üçün yola çıxan ləpirçi isə elə yazmağı bacaran oxucudur.

Şəfa Vəli (2026, oktyabr)