Sevin, ana…

Qızın yaman böyüyüb.

Nə narahat ol, nə də nigaran qal artıq.

Ovun, öyün – böyümüşəm e, anacan, çox böyümüşəm…

Məsələn, əvvəlki kimi qaranlıqdan qorxmuram –

bəxtimi tanıyandan bəri.

Üstüm də açıq qalmır daha–

yatmağı tərgidəndən.

Özünü danlama,

məni ərköyün böyütdün deyə.

İnsanlardan inciməyə tövbə etmişəm –

Tanrıdan küsdüyümdən.

“Getmə” deyəcək qədər bağlanmıram heç kimə –

Xoşbəxtlikdən ayrıldığım andan bu yana.

Hətta özümdən özümə belə xəyanət gözləyirəm –

Atamı bağışlayan gündən, ana…

Həsrət də, intizar da adi gəlir indi.

Ayrılıq da üzmür məni –

ölümü dərk edəndən sonra.

“Etməz”, “olmaz” –

bu kəlmələr yasaqlanıb dilimə –

inamımı dəfn etdiyim o vaxtdan bəri.

Qısası, çox böyümüşəm e, ay ana…

Lap çox… 

Hətta “ateist” birini görəndə

“kafir” demirəm içimdə –

əksinə, sarılıb pıçıldamaq keçir könlümdən:

“Sən hansı cavabsız qalan duandan,

neçənci yalvarışından sonra

geri döndün o yoldan?

Çoxmu inanmışdın bir zamanlar?

Çoxmu ümid etmisən – “Bir gün eşidər…” deyə?

Ona açdığın əllər boş qaldı deyəmi

çırpıb getdin o qapını?

Çoxmu oldu göz yaşının nifrətini suvardığı?

Səndəmi…

“Uman yerdən küsərlər.” misalıyla

üz döndərdin Yaradandan?”

Bir sözlə, ay ana,

məndən nigaran qalarsan, nəbadə…

Ta özümə daha da “yaxşı baxıram” –

güzgüyə baxmağı belə unutmuşam…

Mənbə: https://edebiyyat.az/