imgres

ƏN DƏRİN QUYU.

Gğzlərim ikicə quyudu,gözəl,
Dibi görünməyən ən dərin quyu.
Bir kimsə içinə enməyib hələ,
Aramsız çəkilən suyu quruyur.

Gözlərim ikicə quyudu ,dedim,
Dedim ki,sənin də xəbərin olsun.
Bilməyib içinə enərsən birdən ,
Enəndə ehtiyat kəndirin olsun.

Baxma gözlərimə, min cür inamla,
Aldadıb eyləyər duru su səni.
Dünyada hər kəsə quyu qazılır,
Hər kəsin tapılır kəndir kəsəni.

Sənin də kəndirin çoxdan kəsilib,
Kəbinin özgəyə kəsilib hədər…
Kəbin də hardasa kəndir kimidir,
Bir dəfə kəsilir axıra qədər.

Gözlərim ikicə quyudu mənim,
Dibi görünməyən ən dərin quyu.
Bizim kəndirimiz çoxdan kəsilib,
Hər kəs öz içinə düşüb uyuyur…

Baloğlan Cəlil.

BALOĞLAN CƏLİL
Şəhidliyin uca zirvəsi
Bura Çanaqqala!Şükür Allaha,
Bu yurd” La ilahəillallah “-deyir.
Ruhum bu yerlərə hələ qonmamış
Salavat çevirib,” bismillah “-deyir.

Bura Çanaqqala-ruhlar diyarı,
Mübarək ocaqdı,pirdi burası.
Bura yer üzünün ən pak nöqtəsi,
Şəhidlər yetirən yerdi burası.

Hər gün şəhid olan bəyaz dalğalar
Bəyaz mələklərə dönür arabir.
Gəlib gedənlərə qüsul verərək
Sonra boğazından keçirir bir-bir.

Bura Çanaqqala- şəhidlər yurdu,
Hər daş bulud kimi bir himə bənddi.
Nədən susduğunu soruşa bilsən ,
Nələr çəkdiyini hönkürər indi.

Bura Çanaqqala –canlı bir muzey
Qayası əyilməz əsgər kimidi.
Dərd kimi uzanan dərin dərələr
Savaşdan danışan səngər kimidi.

Bu ulu torpağın hər addımı qan,
Qan verir hələ də hər bir aşırım.
Dəniz sinəsindən çəkilib getmir,
Düşmən gəmisinin açdığı şırım.

Bura Çanaqqala- türkün qeyrəti,
Alınmaz qaladı,keçilməz bərə.
Yad ellər qoynuna girməsin deyə,
Əl-ələ veribdir Egey,Mərmərə.

Bura Çanaqqala –üzü ağ qala.
Bəlkə də ilk adı Çənlibel olub.
Bircə zərbəsindən Misri qılıncın
Açılıb kəmər tək Dardanel yolu.

Burda əfsanəvi Koroğlu kimi
Hər daşın altında bir igid yatır.
Hər gün şəhidlərə gəlib baş çəkir,
Qədim Troyanın qanadlı atı.

Burda daşa dönən tər arzulara
Baxıb ana torpaq daş çiçəkləyir.
Yazda qızılgüllər gəlir səcdəyə,
Qışda göy üzündən qış çiçəkləri.

Sən də asta yeri gələn yabançı,
Bu torpaq kaman tək sıxıla bilər.
Diksinib inciyər yaralı qəlbi,
Küknarlar kükrəyib ox ola bilər.

Kəbə, Mədinə tək baş əy bu yurda,
Bu yurd şəhidliyin uca zirvəsi.
Durub ucalardan seyr edir yenə,
O mavi gözlünün mavi türbəsi.

Bura Çanaqqala !Şükür bu yurda,
Bu yurd “lailahə illallah”-deyir.
Ruhum bu torpağa hələ qonmamış
Salavat çevirib”bismillah”-deyir.