Снимок11-234x3001

Payız

Əsir payız yeli, sınır havalar,
Günəş də nurunu azaldır bir az.
Həzin nəğmə deyir durduru sular,
Üşüdür körpəcə otları sular.

Yır-yığış eyləyir köçəri quşlar,
Ürəyi titrədir durna harayı.
Dəyişir rəngini qayalar, daşlar,
Çoxalır bağların sovqatı, payı.

Zirvələr gəlinlik paltarı geyir,
Vağzalı od salır neçə ürəyə.
Yarpaqlar göylərə əlvida deyi,
Çən düşür hər səhər dağa-dərəyə.

Yanağı çırtlayır gülöyşə narın,
Qış quzeydə durub fürsət gözləyir.
Nəfəsi duyulur soyuğun, qarın,
Köçəni, gedəni qürbət gözləyir.

Dərəni-təpəni yağışlar yuyur,
Qaralır yaylaqda ocaq yerləri.
Bir çiçək gözündə arı uyuyur,
Çapır öz atını payız yelləri.

İndi köhnə daxma, köhnə paltar da,
İsti bir bürk kimi yarıyır bizə.
Payız təbi ölmüş qoca şairtək,
Köhnə şeirləri sırıyır bizə.

Bu restoranlar

Toylara xərclənir kasıbın varı,
Artıq gündən-günə dərdi azalır.
Pul çatmır maaşdan maşa barı,
Daha söz-söhbətdən durulmur qanlar.
Milləti talayır bu restoranlar.

Fikri pulda qalır toy günü bəyin,
Dəvətnamə verir salam verdiyin.
Toyların əlindən neyləyək deyin,
Min oyundan çıxır toy aparanlar,
Milləti talayır bu restoranlar.

Düzülür süfrəyə min cürə salat,
Bilmirsən təzədir, yoxsa ki, boyat.
Ye ki, yeyəcəksən bir neçə saat.
Doymur pul-paradan bu qan sovuranlar,
Milləti talayır bu restoranlar.

Bildirçin qalmayır dərədə, düzdə,
Cibdən pul aparır deyilən söz də.
Kefimiz qalxanda coşuruq biz də,
Durub dingildəyir arsız cavanlar,
Milləti talayır bu restoranlar.

Balıq qoymadılar dənizdə, çayda,
Dünya nə haydadır, gör biz nə hayda.
Millətə tələdi vallah bu toy da,
Yüz oyundan çıxır bu pul yığanlar,
Milləti talayır bu restoranlar.

Çoxları şərikdi, yığılar paya,
Qarabağ elə bil köçüb Bakıya.
Biz müftə yeməyə gedirik güya,
Alır ağlımızı lüt-üryan canlar,
Milləti talayır bu restoranlar.

Hələ xınayaxdı, tanışlıq, söhbət,
Nişan, toy məclisi, ad günü, sünnət.
Bu nə ənənədir, bu nə adət,
Yıxdı evimizi yersiz oyunlar,
Milləti talayır bu restoranlar.

Bir deyən yoxdur ki, dayanın bəsdi,
Bu nə musiqidi, bu necə səsdi.
Yenə dəvət gəldi, ürəyim əsdi,
Cibimi soyacaq canı yananlar,
Milləti talayır bu restoranlar.